YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bir Millətin İki diasporu ola bilməz

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı

Azərbaycan xalqının ilboyu təqvimində rəsmi təsdiq edilmiş əlamətdar tarixi günlərindən biri də Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu tarixi gün məhz 16 dekabbr 1991-ci il tarixində ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması haqqında qəbul edilmiş qərardır. Sözsüz ki, həmin ilin dekabr ayının 25-də Ali Sovetin Milli Şurası tərəfindən təsdiq edildikdən sonra elə həmin ildən də əlamətdar tarixi gün və əziz bayram kimi qeyd edilməyə başlandı. İllər keçdikcə və bugün dünyada və ölkəmizdə baş verən prosesləri təhlil etdikcə belə bir əhəmiyyətli qərarın qəbul edilməsi Ulu Öndərimizin hədsiz uzaqgörənliyinin və müdrikliyinin bir daha təsdiqidir. Müstəqilliyini yeni qazanmış bir dövlətin həm ölkə daxilində vətəndaş həmrəyliyinin, həm də müxtəlif səbəblərdən vətəndən uzaq ayrı-ayrı ölkələrdə məskunlaşmış həmvətənlərimizin tək bayraq altında səfərbər edilərək, onların həmrəyliyinə nail olmaq dövlətin gücünə əlavə güc qatmaq idi. Beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də, erməni diasporunun və onları dəstəkləyən qüvvələrin  ölkəmizə qarşı uzun illər ərzində apardığı çirkli siyasətin qarşısının alınmasında, yaşadıqları ölkələrdə Azərbaycanın yüksək səviyyədə tanınmasında xaricdə yaşayan azərbaycanlılar böyük bir güc olmaqla, həm də bir vasitə idi. Bu mənada ümummilli liderimiz Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi ilə kifayətlənə bilməzdi. Bu məqsədlə də Ulu Öndərimizin tapşırığı və rəhbərliyi ilə 2001-ci ilin 9-10 noyabr tarixində dünya azərbaycanlılarının ilk qurultayı keçirildi. Məhz bu qurultaydan sonra həqiqi mənada dünya azərbaycanlılarının həmrəyliyinin və səfərbərliyinin təməli qoyuldu. Bu qurultayda iştirak edən müasir dövlətimizin  qurucusunun parlaq nitqi isə həm ölkəmizdə, həm də ölkə xaricində yaşayan hər bir azərbaycanlı üçün gələcək fəaliyyət üçün yol xəritəsi oldu. Bununla da Heydər Əliyev dünya azərbaycanlılarının mənəvi Atası olmaqla, milli birliyimizin ideoloqu, təbliğatçısı və təşkilatçısı oldu. Qurultayda dünya azərbaycanlıları ilə işin kordinasiyası üçün xüsusi Milli Kordinasiya Şurası yaradılsa da, Ulu Öndər xaricdə yaşayan azərbaycanlılarla işin institutsional mexanizmlərlə həyata keçirilməsi, daha doğrusu onların təşkilatlanması  məqsədilə diaspora üzrə xüsusi dövlət qurumu yaratdı. Belə ki, Ümummilli Liderimizin fərmanı ilə 2002-ci il 5 iyul tarixində xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Ölkəmizdə bütün sahələrdə olduğu kimi bu sahə də dövlətimiz və dövlət başçımız tərəfindən ildən-ilə daha da təkmilləşdirilir. Bu mənada bu Komitənin işinin səmərəliliyi məqsədilə hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılmaqla, bərabər “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsilə bu problemin həllinin hüquqi tənzimlənməsi də formalaşdırıldı. Ulu Öndərimiz son nəfəsinə qədər o hansı xarici ölkədə olursa-olsun, səfər proqramının ağırlığına baxmayaraq, mütləq o ölkədə yaşayan azəırbaycanlılarla görüşər, onların problemləri ilə maraqlanar, tövsiyə və tapşırıqlar verərdi. Beləliklə də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü milli birlik və həmrəylik ənənəsinə və zəruri ehtiyaca çevrildi. Bugün fəxrlə deyə bilərik ki, həmvətənlərimizin yaşadığı 70-dən çox ölkədə bu bayram yüksək səviyyədə qeyd edilərək 50 milyondan çox azərbaycanlını tək bayraq altında birləşdirir.

Qeyd etmək lazımdır ki, 2003-cü ildən respublikamıza rəhbərlik edən möhtərəm Prezidentimiz, bütün sahələrdə olduğu kimi, bu sahəyə də çox böyük diqqət edir, dövlətimizin xarici siyasətinin, azərbaycançılıq ideyalarının, xalqımızın multikultural və tolerantlıq dəyərlərinin beynəlxalq aləmdə, eləcə də, yaşadıqları ölkələrdə yüksək səviyyədə təbliğ və təqdir edirlər. Bütün bunlarla bərabər, möhtərəm Prezidentimizin sərəncamı ilə Bakıda 8 fevral 2006-cı ildə   dünya azərbaycanlılarının II qurultayının keçirildi. Bunun davamı olaraq, ölkə başçısının 6 iyul 2018-ci il tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı və tezliklə diaspora fəaliyyətində həmvətənlərimizin və Azərbaycanın dostlarının bu sahədəki xidmətlərinin qiymətləndirilməsi, onların dövlət tərəfindən təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının xüsusi medalı təsis edildi.

Xüsusi qeyd etmək lazımdır ki, həmvətənlərimiz yaşadıqları ölkələrdə yüksək səviyyədə təşkilatlanmış və Azərbaycan diaspora təşkilatlarının tərkib hissəsi kimi xalqımıza və qardaş Türkiyəyə qarşı düşmənçilik və əsassız torpaq iddialarının, yalanla yoğrulmuş erməni ideologiyasının ifşa olunmasında və  qarşısının alınmasında ardıcıl və sistemli mübarizə aparır. Bunun məntiqi davamı olaraq, iki yüz ildən artıq müddət ərzində Azərbaycan və Türkiyəyə qarşı hazırlanmış dünya erməniliyinə qarşı mübarizədə hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarının, eləcə də, Azərbaycan və Türkiyəyə diaspora təşkilatlarının Ulu Öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” məfkurəsi ilə fəaliyyəti zamanın zəruri ehtiyacıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev getdikcə susqunlaşan və ermənipərəst mövqe göstərən beynəlxalq təşkilatların və erməni lobbisi və diaspora təşkilatlarının güclü olduğu dövlətlərdə məhz bu iki qardaş ölkənin diaspora təşkilatlarının birliyinin siyasi əhəmiyyətini nəzərə alaraq, 9 mart 2007-ci il tarixində Bakıda Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin ilk-birinci forumu keçirildi. Azərbaycan və Türk diaspor təşkilatları forumun keçirilməsilə xaricdə yaşayan digər türk xalqlarının diasporaları arasında əlaqələrin yaranmasına və inkişafına da öz mühüm töhfəsini vermiş oldu. Bu tarixi forumda hər iki dövlətin prezidentləri möhtərəm cənab R.T.Ərdoğan və möhtərəm cənab İlham Əliyev iştirak etmişdilər. Forumda çıxış edən Məhtərəm Prezidentimizin 2007-ci ildə uzaqgörənliklə “Bir millətin iki diasporası ola bilməz” səsləndirdiyi və dillər əzbəri olan bu fikirlərinin bugünkü günümüzün ən vacib çağırışı olduğunu göstərir. Fəxrlə qeyd etmək lazımdır ki, 14 il öncə keçirilmiş bu forumun nəticəsi idi ki, istər Azərbaycan, istər Türkiyə diaspora təşkilatlarının, eləcə də onların 44 günlük Vətən müharibəsi dövründə birgə fəaliyyətilə erməni diasporasının və lobbisinin ölkələrimizə və dövlət başçılarımıza qarşı böhtan dolu kampaniyalarının ifşa olunmasında əvəzsiz işlər gördüklərinin şahidi olduq. İnanırıq ki, 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyə Cümhüriyyətinin Cümhürbaşqanı cənab R.T.Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab möhtərəm cənab İlham Əliyev tərəfindən imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi gələcəkdə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə diaspora təşkilatlarının, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diaspora təşkilatları vahid siyasət ətrafında fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaqdır.

DİGƏR Xəbərlər Arxiv