YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşləri diplomatiyamızın tarixində yeni uğurlu bir səhifədir

Cavid Osmanov

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Ölkə başçısı cənab İlham Əliyevin Brüssel səfəri və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində keçirilmiş tədbirlərdə iştirakı öz məhsuldarlığı ilə yadda qaldı. Əminliklə deyə bilərik ki, Brüssel görüşləri diplomatiyamızın tarixində yeni uğurlu bir səhifədir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət məhz diplomatik uğurlarımızın əsasını təşkil edir. Bütün bunların nəticəsində isə ölkəmizin beynəlxalq təşkilatlarla yüksək səviyyəli əlaqələri təmin edilir. Azərbaycan artıq dünyada etibarlı tərfdaş kimi tanınır. Buna NATO ilə olan münasibətləri misal göstərmək olar. Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Ölkə başçısının  NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Həmçinin Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətlər tərəfindən bir daha dəstəyin ifadə olunması da məhz buradan irəli gəlir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyasına 2002-ci ildə başladı və cari ilin avqustun sonunda onu bitirdi. Azərbaycan hərbçiləri Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində müstəsna rol oynayıb və Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Azərbaycan NATO-nun hərbi təlimlərində mütəmadi iştirak edir. NATO-nun aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız cari ildə yeddi birgə hərbi təlim keçirilib. Sözügedən təcrübə regionda sülh və sabitlik işinə xidmət edir. Ümilikdə nəzər saldıqda açıq-aydın görmək mümkündür ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Ölkəmiz enerji təchizatı sahəsində də etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyin təmin olunmasında müstəsna rola malikdir. Belə ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Alyansın 4 ölkəsi, o cümlədən Türkiyə Azərbaycandan qaz idxal edir və gələcəkdə bu ölkələrin coğrafiyası daha da genişlənə bilər.

Brüssel səfəri zamanı cənab Prezident İlham Əliyev hər bir görüşündə bir daha Azərbaycan həqiqətlərini xarici ölkə siyasətçilərinin, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu. Artıq Azərbaycan öz ərazi bötövlüyü və suverenliyini təmin edib. Ölkə başçısı münaqişə bitdikdən sonra dəfələrlə açıq bəyan edib ki, Azərbaycan səhifəni çevirməyə hazırdır. Yəni ölkəmiz regionda sülh, təhlükəsizlik və mehriban qonşuluğun tərəfdarıdır. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verilməsi, eyni zamanda regionda nəqliyyat və kommunikasiya xətlərinin açılması üçün atılan addımlar Azərbaycanın davamlı sülhdə maraqlı olmasından xəbər verir. Ermənistan torpaqlarımız 30 il boyunca işğalda saxladığı müddətdə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Baxmayaraq ki, nə Ermənistan, nə də münaqişənin həlli üçün mandat almış ATƏT-in Minsk qrupu bu məsələdə maraqlı oldular.  28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticə hasil edə bilməyən ATƏT-in Minsk qrupu bundan sonrakı fəaliyyətini Azərbaycanın yaratmış olduğu yeni reallıqlar əsasında qurmalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu öz töhfəsini verə bilər. Onsuz da Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bu əsasda Zəngəzur dəhlizi müstəsna əhəmiyyətə malik olacaq və regionun simasını dəyişdirəcəkdir. Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilmişdir. Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi kimi olmalıdır və bu haqda cənab Prezident İlham Əliyev Brüsseldə səfərdə olarkən bir daha Azərbaycan dövlətinin mövqeyini bəyan etdi. 10 noyabr Üçtərəfli Bəyanatda da açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bir sözlə, Regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır.

Brüsseldə keçirilmiş üçtərəfli görüşdən sonra  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanata diqqət yetirdikdə də görürük ki, Azərbaycanın təşəbbüsləri Avropa İttifaqı səviyyəsində dəstəklənir. Cənab Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmışdır. Görüşün nəticələrinə dair səsləndirilən Bəyanat da bütün deyilənləri, ümumlikdə isə Azərbaycanın haqlı mövqeyini təsdiq edir.

Bəyanatda vurğulanır ki, münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar  və 26 noyabr Soçi görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Avropa İttifaqı minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə öz dəstəyini ifadə edir. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Avropa İttifaqı tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Avropa İttifaqı regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması, bu vasitələrin inkişaf etdirilməsinin,  eyni zamanda dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunmasının tərəfdarıdır. Bəyanatdan o da bilinir ki, Avropa İttifaqı iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəkdir.

Avropa İttifaqı ilə Azərbaycan arasında davamlı tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr uğurla inkişaf edir. Bu işdə  Avropa İttifaqı  ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi səmərəli əməkdaşlığın hüquqi təminatçısıdır. Ölkəmizlə Avropa İttifaqı arasında  enerji sahəsindəki əməkdaşlığın da uğurla inkişaf etməsi tərəfdaşlığın perspektivliyindən xəbər verir.