YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bir çox məqamlarla tarixə yazıldı. Günümüzün əsas məsələsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, təkcə atəşkəs deyil, real sülh sazişinin imzalanması olduğunu nəzərə alsaq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və əldə olunan nəticə təkcə ölkə deyil, dünya mətbuatının da əsas müzakirə mövzularındandır. Əminliklə qeyd etmək olar ki, Brüssel görüşündə müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə və qəbul edilmiş bəyanatda Azərbaycan xalqının iradəsi və maraqları əks olunub. Brüssel görüşündə diqqətçəkən əsas məqamlardan biri də Ermənistanın baş naziri Nikol Paşinyanın əsəbi, həyacanlı və gərgin olması idi. Bütün bunlar Nikol Paşinyanın siyasi məğlubiyyətindən irəli gəlirdi. Artıq Paşinyan və Paşinyan hakimiyyəti başa düşür ki, daha yersiz bəhanələrlə vaxt uzatmaq mümkün deyil. Paşinyan Brüsselə böyük ümidlərlə gəlmişdi. Amma Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi, həyata keçirdiyi mükəmməl xarici siyasət Paşinyanın bütün ümidlərinin üstündən xətt çəkdi.

Brüssel səfəri Azərbaycanın və Prezident İlham Əliyevin növbəti diplomatik- siyasi qələbəsi kimi tarixə düşdü. Hər zaman olduğu kimi Prezident İlham Əliyev Brüssel səfərində də Azərbaycanın haqlı mövqeyini ortaya qoydu, ölkəmizin regionda sülhün təmin olunmasında maraqlı və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi.

Brüssel görüşü bir sıra məsələlərin müzakirəsi baxımından da səmərəli və məhsuldar oldu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə çıxarılaraq müzakirə olundu. Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana yardım göstərməyə hazır olduğunu ifadə etdi. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılıq əldə olundu. Bundan başqa kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də gündəliyə gətirilərək geniş müzakirə olundu və Ermənistan Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Brüssel görüşündə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq qeyd etdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır. Bununla da ölkə başçısı bir daha öz prinsipiallığını nümayiş etdirmiş oldu.

Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Avropa İttifaqı minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə öz dəstəyini ifadə edir. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Avropa İttifaqı tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Avropa İttifaqı Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Avropa İttifaqı regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Avropa İttifaqı iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəkdir. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində fəal mövqeyi təqdirəlayiqdir. Avropa İttifaqının təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır.