YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Dekabrın 6-da YAP Xətai rayon təşkilatı Neapol küçəsi  8 və Cavanşir küçəsi 11 ünvanlarında  yerləşən  ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

    Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı,   ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində olduğumuzu önə çəkərək bildirib ki, zaman hadisələrə ən böyük dəyəri vermək üçün zəngin mənbədir: “İllər ötdükcə Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğu görünür, yüksək qiymətləndirilir. Heydər Əliyevin  fəaliyyətinə hansı sahədən diqqət yetirsək böyük bir araşdırma, tədqiqat mövzusudur. Bu ondan  irəli gəlir ki, ümummilli lider Heydər Əliyev Vətənini, xalqını   canından artıq sevməklə yanaşı, daim Azərbaycanın gələcəyi naminə çalışmış, onu necə görmək istədiyini açıqlamışdır.”

    Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra   xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının  ilk illərinin xaosundan, anarxiyasından, ən əsası  parçalanmaqdan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi: “2003-cü ildən başlanan yol Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan bu illər ərzində möhkəm təməl üzərində daha da gücləndi, möhkəmləndi,   diplomatik qələbəsini  təmin edərək döyüş meydanında da üstünlüyünü işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Heydər Əliyev yolunun, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, xalq-iqtidar birliyinin, Azərbaycan Ordusunun gücünün nəticəsidir.”

    “Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyamız yarandığı gündən ümumxalq partiyasına çevrildi: “Bu gün partiyanın sıralarında  800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın və etimadın göstəricisidir. YAP daim gələcəyə doğru inamla irəliləyir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Heydər Əliyevin adı ilə bağlı olan, böyük  inam və etimad göstərdiyi  Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək VII qurultayını keçirməklə qarşısına yeni vəzifələr qoyub ki, hazırda onların həyata keçirilməsi istiqamətində bütün qüvvə və bacarıqlar səfərbər edilib.”

       Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

    Camalxan Xanbutov Neapol küçəsi 8  ünvanında  yerləşən   ərazi partiya təşkilatının sədri, Mahirə Nəsirova  sədr müavini, Arzu Azadəliyev Cavanşir küçəsi 11  ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,   Rübabə Əhmədova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.