YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev ideyaları bu gün də uğurlarımıza bələdçilik etməkdədir

YAP Xətai rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Noyabrın 17-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə əklil və qızılgül dəstələri düzüblər.

Sonra tədbir YAP Xətai rayon təşkilatının akt zalında Dövlət Himnimizin səsləndirilməsi, YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını bizə yaşadıb. “Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdığı zaman Azərbaycanda “Olum ya ölüm” dilemmasının yaşandığı dövr idi. Bu gün isə bizi o gündən artıq 29 il ayırır. Bu müddət ərzində biz gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu və iqtisadi potensialını artıran güclü, qüdrətli Azərbaycanı müşahidə etmişik. Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ən şanlı tarixini yaşayır. Heydər Əliyev irsi, ideyaları bizə müasir dövrdə də getdiyimiz yolda uğurla bələdçilik edir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, cənab Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq ölkəmizin və xalqımızın parlaq gələcəyinə özünün töhfələrini verir. Biz də partiya üzvləri olaraq bundan sonra da bütün Azərbaycan xalqı kimi, dəmir yumruğun ətrafında sıx birləşərək qüdrətli Azərbaycan naminə əlimizdən gələni edəcəyik.”

Çağdaş tariximizin daha bir əlamətdar hadisəsi – 17 noyabr  Milli Dirçəliş Günü münasibətilə də tədbir iştirakçılarını təbrik edən V. Rəhimzadə vurğulayıb ki, 17 noyabr tarixi həm də 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider tərəfindən üçrəngli dövlət bayrağımızın rəsmi dövlət statusu alaraq dalğalandırıldığı gün kimi əlamətdardır. Bununla da Azərbaycanın müstəqilliyinin təməlinin qoyulması yolunda növbəti ən böyük addımlardan biri atıldı.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki, 1992-ci ildə məşhur “91-lər”in müraciəti və Ulu Öndərin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası şanlı tariximizin ən parlaq səhifələrindəndir. “Partiyanın yaranma zərurəti 1988-ci ildə ermənilərin azərbaycanlılara və Azərbaycana qarşı təcavüzünün artması, məşhur Topxana meşəsinin qırılması ilə başladı. Milyonlarla insanın bir araya gələrək haqlarını tələb etmələri, illərdir əsarətində olduqları imperiya rejiminə qarşı çıxmaları tarixdə misli görünməmiş bir hadisə idi. Ulu Öndər Naxçıvana gedib Ali Məclisin Sədri seçildikdən sonra məhz Onun təşəbbüsü ilə qardaş Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsü açıldı, SSRİ məkanında ilk dəfə muxtar respublikada başqa bir bayraq qaldırıldı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra isə müasir Azərbaycanın təməli qoyuldu. 1994-cü ildə atəşkəsin elan olunmasından sonra “Əsrin müqaviləsi”nin imzalanması ilə hər kəs gündən-günə durmadan inkişaf edən Azərbaycanın şahidi oldu. Diplomatik sahədə uğurlar, artan iqtisadi güc, mükəmməl ordu quruculuğu işləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti ilə davam etdirilir. Bunun məntiqi nəticəsi olaraq biz 30 ildir həsrətində olduğumuz doğma torpaqlarımıza qayıda bildik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz cəmi 44 gün ərzində Vətən torpaqlarını əsl sahiblərinə qaytararaq düşmənin mənfur ayağını oradan kəsməyi bacardı. Bu səbəbdəndir ki, artıq bütün dünya Azərbaycanla hesablaşmağın gərəkliyini bilir və hər kəs anlayır ki, heç kim Azərbaycanla hədə-qorxu, güc dilində, diqtə ilə danışa bilməz.”

R. Quluyev onu da qeyd edib ki, 50-yə yaxın qazisi, 64 şəhidi, 10-a yaxın Vətən Müharibəsi Qəhrəmanı olan Xətai rayonunda cənab Prezidentin göstərişi ilə şəhid və qazi ailələrinə daim xüsusi diqqət və qayğı göstərilir. “Bu gün ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərdikləri yüksək səviyyəli diqqət bizim işimiz üçün də mayakdır. Onların fəaliyyəti bizə nümunədir ki, bütün sahələrdə necə işlər gedir, islahatlar aparılır.”

Tədbirdə çıxış edən, “91-lər”in və YAP İdarə Heyətini üzvü, Milli Məclisin deputatı Mixail Zabelin vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması yüksək səviyyədə təşkilatlanması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır: “1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, – deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi. Heydər Əliyev “91-lər”in müraciətinə cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hərtərəfli inkişafı və müdafiəsini təmin etmək məqsədilə yaradılan partiyadır. Bu gün də bu ənənələr layiqincə davam etdirilir.”

Çıxış edən akademik Vaqif Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiyasını uğurla yerinə yetirib: “Yeni Azərbaycan Partiyasının fəaliyyətinə tariximizin hansı mərhələsindən baxsaq ilk gündən qəbul etdiyi prinsiplərin dəyişməz olduğunu görərik. Bu prinsiplər hansılardır? Təbii ki, Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyat yaratmaq və sair. YAP ötən 29 ildə dəyişməz olan bu prinsiplərinə söykənərək məqsədlərinə uyğun fəaliyyət göstərib və uğurlar qazanıb.”

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, şəhid atası Əli Nur bu fikri davam etdirərək bildirib ki, son 18 ildə Azərbaycanın Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində qazandığı uğurlar Ulu Öndərin bu müraciətini sonsuz rəğbətlə qarşılayan xalqımızın seçimində yanılmadığını təsdiqləyir: “Ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artırdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atdı. Xüsusilə qürurvericidir ki, bu proses günümüzdə daha təkmil şəkildə davam etdirilməkdədir.”

“91-lər”in üzvü Ədalət Fərəcov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və həmin dövrdə mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Başqa sözlə desək, o dövrdə zamanın tələbi xalqın istəyi ilə vəhdət təşkil edirdi. Partiyamızın yaradılmasında fəal iştirakları və təşəbbüsləri ilə tarixə “91-lər” kimi daxil olan ziyalılarımız ümumilikdə xalqın böyük əksəriyyətinin arzu və istəklərini ifadə edirdilər. Azərbaycanın gələcək taleyini düşünən həmin insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Liderin, Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşdilər.”

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, briqada komandiri, polkovnik Anar Mirzəyev bildirib ki, Ümummilli Lider ordu quruculuğu sahəsinə hər zaman xüsusi yer verərək bildirirdi ki, bizim öz milli hərbi məktəbimiz, hərbi kadrlarımız olmalıdır: “Bu kadrlar gələcəkdə öz bilik və bacarıqlarını xüsusilə torpaqlarımızın düşmən tapdağından azad olunmasında istifadə etməlidirlər. Bunun nəticəsidir ki, Ümummilli Lider tərəfindən təməli qoyulmuş Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirmələri, kursantları, zabitləri bizim Şanlı Qələbəmizdə xüsusi rol oynadılar. Möhətərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və müdrik siyasət Azərbaycan Ordusunun döyüş meydanında şanlı Qələbəsi ilə nəticələndi. Qələbəmiz xalqımızın haqqı, biz hərbi qulluqçuların isə borcu idi.”

Sonda Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Xətai rayon Gənclər və idman idarəsinin təşiklatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyi ilə bağlı orta məktəblər arasında keçirilən Şahmat turnirinin qalibləri Fəxri fərman və diplomlarla təltif olunması mərasimi ilə davam edib.