YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günlük müharibə sübut etdi ki, Yeni Azərbaycan Partiyası regionun ən qüdrətli siyasi partiyalarından biridir

Müşfiq Cəfərov 

Milli Məclisin deputatı

21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin süqutundan sonra müstəqillik əldə etmiş digər respublikalar kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başladı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda xalq və onun ziyalıları ulu öndərdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş edirdi.

Noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyası xalqımıza böyük xidmətlər göstərmiş, ölkəmizi o ağır günlərdən, çətin sınaqlardan çıxarmışdır. Fəaliyyət göstərdiyi müddətdə YAP ölkənin ən qabaqcıl siyasi ideya məktəbinə çevrilmişdir. Ötən 44 günlük müharibə  sübut etdi ki, bu təşkilat regionun ən qüdrətli siyasi partiyalarından biridir. Bu zəfər hakim partiyanın illərə söykənən siyasi və idarəçilik təcrübəsinin bariz nümunəsidir.