YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Azərbaycanla dost və tərəfdaş olan ölkələrdən biridir

Yeni Azərbaycan Pariyası İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Cavid Osmanov

İtaliya Azərbaycanla dost və tərəfdaş olan əsas ölkələrdən biridir. Ölkələrimiz arasında bir çox sahədə sıx əməkdaşlıqlar mövcuddur. Vətən müharibəsi dövründə də İtaliya haqqın, ədalətin tərəfdarı olduğunu bəyan edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini açıq-aşkar nümayiş etdirdi.  Bir sözlə, İtaliya Azərbaycana öz haqq işində siyasi dəstək verən ölkələrdən oldu. Azərbaycan 44 günlük hərbi əməliyyatlar nəticəsində işğalda olan ərazilərini düşmən tapdağından azad etdi. Hərbi əməliyyatlar bitdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri başlayarkən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev qeyd etmişdi ki, yenidənqurma və bərpa işlərinə dost ölkələrdən olan şirkətlər cəlb ediləcəkdir. Hazırda bir neçə italyan şirkəti artıq bu istiqamətdə müxtəlif layihələr çərçivəsində işlərə başlayıb. Bir italyan şirkəti bölgələrdən birinin enerji təminatı məsələsi ilə Azərbaycanla müqavilə bağlayıb, başqa bir şirkət isə kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb.  İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində cənab Prezident Azərbaycan-İtaliya münasibətləri haqqında danışarkən qeyd edib ki, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanır və yenidənqurma işlərinə bu ölkədən daha çox şirkətlər cəlb ediləcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə artıq genişmiqyaslı işlər görülməkdədir. Cari ildə nəhəng sərmayə qoyuluşu həyata keçirilib və ilkin olaraq yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Cəmi 8 ay ərzində Füzulidə hava limanı inşa edilib və işğaldan azad edilmiş ərazilərdə daha 2 hava limanının inşası davam etdirilir. İki şəhərin Baş planı təsdiqlənib və işağldan azad edilmiş ərazilərdə yaşayış binalarının tikintisi layihələrinə başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı işlər haqqında  əhatəli məlumat verən cənab Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri də İranın ölkəmizlə münasibətlərində xoşagəlməz hallara yol verməsi haqqında söylədiyi fikirlərdir. Cənab Prezident son dövlər ərzində baş verən prosesləri əhatəli şəkildə təsvir edərək bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Azərbaycan bütün ölkələrlə, ilk növbədə isə qonşu ölkələrlə hər zaman dostluq və əməkdaşlıq münasibətlərinə üstünlük verir. Lakin bu o demək deyil ki, hər hansı bir ölkə Azərbaycana qarşı öz iraədsini qəbul etdirə bilər. Azərbaycanın əsas istəyi dövlət sərhədlərinə hörmətlə yanaşılmasıdır. Çox təəssüflər olsun ki, İrana məxsus şirkətlər bu məsələdə hörmətsizlik sərgiləyirdilər. İlk olaraq Azərbaycan İran tərəfinə bu halların aradan qaldırılması üçün dostcasına bildiriş versə də qarşı tərəfdən adekvat münasibət olmamış, əksinə bu hallar daha da intensivləşdirilmişdir. Azərbaycan dövləti tərəfindən qanuni tədbirlər görülüməsi zərurəti yarandıqda isə ölkəmizə qarşı yersiz bəyanatlar verildi, hədələr edildi. Hətta Azərbaycan sərhəddinə yaxın ərazilərdə hərbi təlimlər keçirildi ki, bu da İran tərəfinin münasibətləri gərginləşdirmək cəhdlərinin davamı idi. İran tərəfi Azərbaycana qarşı əsassız iddialarla çıxış edərək,  azad edilmiş ərazilərdə İsrail izi axtarmağa çalışırdı. Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Bu ərazilərdə heç bir həyat yoxdur. İşğaldan azad edilmiş ərazilərdə təcavüzkar Ermənistan tərəfindən həyat tamamilə məhv edilib. Bunu İran tərəfi də çox yaxşı bilir. Bir halda ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı 30 il boyunca həmin ərazilərin talan edilməsində İran şirkətləri və vətəndaşları yaxından iştirak ediblər. Azərbaycanlılara məxsus yaşayış evləri, müxtəlif təyinatlı təsərrüfat tikililəri sökülərək İrana daşınmış, həmçin həmin ərazilərdə ekoloji terrorun törədilməsində, meşələrin qırılmasında, yaşıllıqların məhv edilməsində İran faktorunun rolu az olmamışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, İran Ermənistanla 30 il müddətində Azərbaycan torpaqlarında talançılıq törədərkən işbirliyində olub. İranın narahatlığının səbəbi məhz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsidir. Bu ölkənin Azərbaycanla diqtə dili ilə danışmaq cəhdləri isə tamamilə yersiz və uğursuzdur.

Cənab Prezident İlham Əliyev müsahbəsində işğaldan azad edilmiş ərazilərdə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazilərə qanunsuz səfərlərin olmasına da diqqət çəkib. Bu məsələ ilə bağlı Azərbaycanın birmənalı mövqeyinin Rusiyanın səlahiyyətli orqanlarının, eyni zamanda Rusiya Müdafiə Nazirliyinin diqqətinə çatdırıldığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün mütləq Azərbaycandan icazə alınmalıdır.