YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Anım günü qeyd edilib, şəhidin xatirəsinə həsr olunmuş abidənin açılışı olub

Nizami rayonunda 44 günlük Vətən Müharibəsinin birinci ildönümü münasibətilə Anım günü qeyd edilib. Rayon ictimaiyyəti, şəhid ailələri, qazilər rayonun Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildirib. Sonra sükut dəqiqəsi olub.

Nizami rayonunda şəhid Məmmədov Murad Elşən oğlunun yaşadığı binanın qarşısında abidəsinin açılışı mərasimi də olub. Mərasim iştirakçıları öncə rayonun Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Sonra açılış mərasimi baş tutub.

Tədbirdə şəhidin atası Elşən Məmmədov, anası Şərqiyyə Məmmədova, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayon təşkilatının “Sərdaroğulları” ərazi ilk partiya təşkilatının sədri, “Missiya” media qrupunun rəhbəri Ramin Əhmədov, həmçinin, döyüş yoldaşları, dostları və başqaları şəhid haqqında xatirələrini, onun igidliyi, şücaəti barədə danışıblar.

Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Qeyd edilib ki, Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əlavə edilib ki, şəhid ailələrinin, qazilərin problemlərinin, sosial-məişət məsələlərinin həlli dövlətimizin diqqət mərkəzindədir.

Sonra abidənin açılışı olub, önünə gül dəstələri düzülüb.

Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürünü bildirib.