YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bu gün dünyada yüksək nüfuz sahibi olan ölkələrdən biridir

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı

Azərbaycan bu gün dünyada yüksək nüfuz sahibi olan ölkələrdən biridir. Bütün dünya ölkələri, beynəlxalq təşkilatlar hər biri ölkəmizə qarşı hörmətlə yanaşır. Təbii ki, bütün bunların əsasında böyük əməyin, misilsiz işlərin görülməsi dayanır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmş uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı güclü və dayanıqlı iqtisadiyyata çevirilmişdir. Məhz bunun sayəsində güclü Ordu quraraq, milli birlik nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğalda qalan ərazilərimizi düşmən tapdağından azad etdik. Əlbəttə ki, bu Azərbaycan tarixinin Zəfər səlnaməsi adlanan ən parlaq  səhifəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan təkcə Ermənistan silahlı birləşmələrinə, erməni terrorçularına deyil, eyni zamanda dünyada mövcud olan erməni faşizminə, erməni lobbisinə ağır zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi və ərazi bütövlüyümüzü təmin etdi. Çox qısa müddətdə Azərbaycan bütün dünyaya güclü, qüdrətli dövlət olduğunu nümayiş etdirdi və sübut etdi ki, xalqımız qalib xalqdır.

Müharibənin bitməsindən 9 ay keçməmiş  işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi, mədəni, tarixi, dini abidələrimizin bərpası Azərbaycan dövlətinin öz soy-kökünə nə qədər  sıx şəkildə bağlı olduğunu bir daha nümayiş etdirir. Digər bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində   keçirilən mədəni tədbirlər ölkəmizin və xalqımızın qədimliyindən, zəngin tarixə, mədəni irsə malik olmasından xəbər verir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində çox mühüm addımlar atmışdır. Əbəs yerə deyildir ki, Azərbaycan BMT-dən sonra təsisatına görə ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmizin sədrlik dönəminin uğurlu, eyni zamanda ədalətli olması bu müddətdə Qoşulmama Hərəkatının nüfuzunun günbəgün atması nəzərə alınaraq Hərəkat üzvü olan ölkələr yekdilliklə çıxış edərək Azərbaycanın sədrlik müddətini bir il daha artırmışlar. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə BMT tarixində nadir hallarda baş verən Xüsusi sessiyanının  çağırılması, ölkəmiz tərəfindən irəli sürülən təkliflərin dəstəklənməsi, Azərbaycanın qlobal məsələlərdə mühüm rol oynaması ölkəmizin beynəlxalq münasibətlər sistemində böyük əhəmiyyətə malik olmasının göstəricisidir. Bütün bunların əsasında isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müəzffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün qurduğu strategiya, həyata keçirdiyi uğurlu islahat və tədbirlər dayanır. Məhz bütün bunların nəticəsi olaraq ölkəmiz beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevirilməkdədir.

Azərbaycanın əldə etdiyi bu uğurları gözü götürməyən, düşmən dəyirmanına su tökən anti-milli və dağıdıcı radikallar hər addımda ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Hansı ki, bu şəxslərin səriştəsizlikləri  və xəyanətləri üzündən torpaqlarımız işğala məruz qalmış, 30 ilə yaxın dönəmdə düşmən tapdağında qalmışdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra həmin bu şəxslərin  qazandığımız uğurlara, parlaq Zəfərimizə qarşı çıxmaqları  onların kimlərə və hansı dairələrə xidmət etməklərini göstərir. Bunlardan AXCP sədri Əli Kərimli,  Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid kimi anti-millilər sosial şəbəkələrdə ölkəmizə qarşı, əldə edilən uğurlarımıza qarşı qarayaxma, böhtan kampaniyaları aparırlar. Bundan öncəki açıqlamalarımda da qeyd etdiyim kimi, Əli Kərimli özünü Ermənistanın ölkəmizdə qeyri-rəsmi səfiri kimi aparır. Bu günlərdə daha biri peyda olub və  var gücü ilə  Ermənistanın Azərbaycanda qeyri-rəsmi konsulu kimi “fəaliyyətdədir”. Azərbaycanın bütün uğurlarına qarşı çıxan və özünü “siyasətçi” kimi göstərməyə çalışan, manipulyator VİP sədri Əli Əliyevdir. Bu şəxs qeyd edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində hansı mövqe tutmasından baş açmır. Əlbəttə ki, baş açmayacaq. Bunun üçün baş, ağıl lazımdır. Komputer qarşısında, öz-özünə monoloq söyləyən və heç nədən əsəbləşən  bir adamdan heç zaman siyasətçi ola bilməz. Azərbaycanın beynəlxalq münasibətlər sistemində əldə etdiyi və yuxarıda qeyd etdiyim uğurlarını görə bilmək, anlamaq üçün isə gərəkdir ki, siyasətçi olasan. Əgər Azərbaycan beynəlxalq müstəvidə öz münasibətlərini qura bilməsəydi biz Ermənistana, dünyada mövcud olan erməni  faşizminə və onların havadarlarına qalib gələ bilməzdik. Bunu Əli Əliyev yaxşı dərk etməli və bundan nəticə çıxarmalıdır.

Bundan əlavə bütün dünyada koronavirus pandemiyası davam edir və belə olan halda yeganə çıxış yolu vaksinləşmədir. Məhz ölkəmiz də vaksinləşmə prosesinə start verən ilk ölkələrdən biri olmuş, ümumilikdə Azərbaycan dövlətinin həyata keçirdiyi koronavirusla mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Koronavirusla mübarizə, zamanında vaksinləşmə prosesinin həyata keçirilməsi Azərbaycan üçün milli təhlükəsizlik məsələrindən biridir.  Xalqımız üçün milli təhlükəsizlik məsələsi olan bir məsələyə özünü “həkim” adlandıran birinin qarşı çıxması və insanlarda qorxu yaratması, insanları vaksinləşməyə qarşı itaətsizlik etməyə çağırması, “vaksinlər gələcəkdə fəsadlar verəcək” deyə  insanlarda əsassız fikirlər formalaşdırmaq koronavirusa yoluxmanın artmasına nail olmaq cəhdi, milli təhlükəsizliyimizə qarşı çıxmaqdır. Bu cəhdlə də səhiyyə sistemində yüklənmələrin, ölkədə xaotik vəziyyətin yaranması Əli Əliyev kimilərinin görmək istədikləri səhnələrdir.

Azərbaycanın uğurla inkişaf etməsini, əldə etdiyi möhtəşəm Zəfəri, qalib xalq olmasını qəbul edə bilməyən dairələr özünü müxalifət adlandıran Əli Əliyev kimilərinə tezislər verməklə ölkəmizdə qarışıqlıq yaratmaq niyyəti güdürlər. Özünü və ətrafında olan 3-5 nəfəri idarə edə bilməyənlər heç zaman bu niyyətlərinə nail ola bilməyəcəklər. Belələri ölkəni idarə etmək kimi xam xəyallardan da əl çəksinlər və ölkəni idarə edən şəxslərə qarşı əsassız qarayaxma kampaniyalarından uzaq dursunlar. Anlasınlar ki, belə iyrənc üsullarla heç bir dividend qazana bilməyəcəklər. Yalançı vədlər və pafoslu fikirlərlə hakimiyyətdə olmaq artıq mümkün deyil. Çünki xalqımız belələrinə çoxdan yox deyib. Bunların çıxışlarına baxanlar isə onlara sadəcə gülüş obyekti olaraq baxırlar. Əli Əliyev, Əli Kərimli kimilərinin düşmən mövqeyində olduğunu xalqımız çox gözəl bilir. Bu adamlar dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət yolu tutublar və heç zaman Azərbaycan hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının xalqımız, dövlətimiz naminə gördüyü işlərə kölgə sala bilməyəcəklər.