YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqla birgə qeyd olunan sadə doğum günləri

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən 

Ən sadə işçilər belə çalışırlar ki, öz doğum günlərini işdən kənar, ailələri ilə birgə, qayğılardan uzaqda qeyd etsinlər, günlərini özlərinə həsr etsinlər. Artıq neçə ildir ki, möhtərəm Prezident və çox hörmətli Mehriban xanım Əliyeva öz doğum günlərini təmtəraqdan uzaq və öz xalqı ilə birgə qeyd edirlər. Arxiv videolarına baxanda bundan əvvəlki doğum günlərində hər iki şəxsiyyət özlərinə ancaq xalqlarını xoşbəxt, firəvan görməyini arzulayaraq, Qarabağın işğaldan azad olunmasını Allahdan niyaz etmişlər. Xüsusi ilə də keçmiş qaçqın və məcburi köçkünlərlə görüşlər ali əhəmiyyətə malik idi. Hər görüş zamanı torpaqların işğaldan azad olunmasına ümid bəsləyən onlarla göz və yüzlərlə sual. Bu il artıq biz xalq olaraq ən çətin problemimizi həll etdik. Həm insanlar, həm gələcək nəsillər, həm də tarix qarşısında üzümüz ağ, alnımız açıqdır.

Bu il də uzun illərdən bəri davam edən ənənə dəyişmədi. Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın doğum günü cənab Prezident və birinci xanım Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri, şəhid ailələri və qazilərlə görüşdülər. Vətən Müharibəsi Azərbaycan xalqının tarixində görünməmiş bir zəfərdir. Biz bu qələbənin əldə olunması məqsədlə geniş miqyaslı işlər görmüşük. Ən əsası dövlətimizi ən sadə formada bir yaxınımız, bir doğmamız kimi yanımızda hiss etmişik. Dövləti təmsil edən siyasi və ictimai fiqurlar möhtərəm Prezident və çox hörmətli Mehriban xanım Əliyevadır. Mehriban xanımın şəhid anaları ilə birgə göz yaşı axıtması, onların dərdlərinə həmdəm olması, qazilərə qardaşım deyə müraciət etməsi bizim qələbəmizi şərtləndirən amillər idi. Müharibədən keçən aylar ərzində Mehriban xanımın dövlət başçımızla yanaşı hər görüşdə şəhid analarına diqqət və qayğı göstərməsi vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşa nümunə olmalıdır. Xüsusi qeyd etmək istərdim ki, Mehriban xanımla cənab Prezidentin azad olunmuş torpaqlardan verdiyi siyasi ismarıclar dövlətimizin həmin ərazilərdə bundan sonra görüləcək işlərlə bağlı mövqeyini ifadə edir. Eyni zamanda da erməni vandallığını, xalqımızın başına gətirilmiş zülmləri qadın zərifliyi, ana qayğısı və səmimiyyətlə ifadə etməsi, görüntüləri qeydə alması vacib məqamlardandır.

Abşeron rayonunda 300 ailənin mənzillə və 50 ailənin isə avtomobillə təmin olunması prosesində dövlət başçısı bir daha tarixi bəyanatlar verdi. Düşmən hələ də itkilərini gizlədir. Bizim müharibədən sonra təhvil verdiyimiz cəsədlərin sayının 1600-ü keçdiyini və hələ də tapılmayan düşmən meyitlərinin mövcudluğunu nəzərə alsaq, düşmən tərəfindən yeddi-səkkiz mindən çox itkinin olması təxmin edilir. Lakin bizim birinci Qarabağ müharibəsi vaxtı itkin düşmüş və ya əsir götürülmüş 4000-dən çox vətəndaşımızdan hələ də xəbər yoxdur. Bu məsələdə də Azərbaycan xalqı öz humanistliyini nümayiş etdirdi. Biz zamanında müharibəni başlayıb, zamanında bitirdik və torpaqlarımızı azad etdik. 7 rayonla yanaşı Şuşanı, Xocavəndin 60 faizini, Hadrutu, Talışı və Suqovuşanı döyüş meydanında azad etdik. Ərazi bütövlüyümüzü bərpa etdik və eyni zamanda da bir əsr bundan əvvəl üzləşdiyimiz erməni faşizminin başını əzdik.

1997-2021-ci illərdə 10500 həssas təbəqədən olan ailəyə mənzillər təqdim olunmuşdur. Onların arasında həm birinci, həm də ikinci Qarabağ Müharibəsi iştirakçıları və ailələri vardır. 2021-2025-ci il dövlət proqramında isə bu rəqəmin 11000 olması nəzərdə tutulur. Eyni zamanda da 7200 avtomobilin təqdim edilməsi xalqımızın gücünü göstərir. Çünki bunu biz öz hesabımıza reallaşdırırıq. Müharibədən ötən 7 ay ərzində 52000 nəfər işlə təmin olunub, 7200 özünəməşğulluğa, 56000 nəfər ictimai işlərə cəlb olunub. Minlərlə qazi və şəhid ailələri reabilitasiya xidmətləri alıb və reabilitasiya vasitələri ilə təmin olunub. Məqsədimiz statistik məlumatlar vermək deyil. Onsuz da kifayət qədər açıq və şəffaf xidmətlər həyata keçirilir. Lakin həqiqət müqayisədə meydana çıxır. Rəqəmlər isə doğru müqayisəyə şərait yaradır.

Heydər Əliyev Fondu Əhalinin Sosial Müdafiəsi Nazrliyinin ən mühüm sosial tərəfdaşıdır. Azərbaycanda həyata keçirilən əsas sosial layihələrin təşəbbüskarı məhz Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevadır. Öz doğum günündə şəhid ailələri ilə görüşlə eyni gündə ekoloji təmizlik və insanların istirahəti məqsədilə salınmış “Gənclik” parkında cənab Prezident ilə birgə ziyarət etmiş Mehriban xanım ölkəmizin gənclərinin asudə vaxtlarının səmərəli keçməsi üçün böyük töhfələr verməkdədir. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “İDEA” ictimai birliyi ilə birgə Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilməkdədir.

Mehriban xanım yorulmadan, usanmadan öz humanist ideyalarını ölkəmizdə və dünyada yayır. Mehriban xanım Əliyeva sülhün, humanizmin və bəşəri sevginin çarçısıdır. Bir nitqində “biz xalqımızın xeyriyyəçilik və nəcib adətlərinə güvənərək yola cıxdıq” deyən Mehriban xanım bu gözəl adətləri bu gün də yaşadır. Şüvəlan qəsəbəsində 1972-ci ildə istismara verilmiş və Heydər Əliyev Fondu tərəfindən yenidənqurma nəticəsində yenilənmiş 12 saylı  Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi İnternat Məktəbinin və 229 saylı uşaq bağçasının açılışı formalaşmaqda olan genofondumuzun inkişafına verilmiş ən böyük töhfələrdəndir. Heç kimə sirr deyil ki, Heydər Əliyev Fondu yarandığı gündən elə bir kəndimiz, elə bir şəhərimiz yoxdur ki, orada fondun xeyirxah əməli gözə dəyməsin.

Son illər tariximizə nəzər yetirəndə əminliklə demək olar ki, dövlətimizi dünya brendinə çevirən ölkə daxili və xarici bütün layihələrdə cənab Prezident İlham Əliyevlə yanaşı çox hörmətli Mehriban xanım Əliyevanın da imzası vardır. Ən məsuliyyətli, ən ağır vəzifələr məhz onun üzərinə qoyulur, ən çətin işlər ondan tələb olunur. İlk Avropa Oyunları, Formula-1 yarışları, IV İslam Oyunları, beynəlxalq xarakterli görüşlərin təşkili, dünyada Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində görülmüş işlər, dünya miqyasında “Xocalıya ədalət” kampaniyası, ən incə məqamlarda milli kimliyimizin, milli dəyərlərimizin, mənəvi varlığımızın dünya birliyinə çatdırılması, Azərbaycanda həyata keçirilən bütün sosial layihələr, dünya incilərinin dünya mədəniyyətinə qazandırılması, mədəniyyət və incəsənət xadimlərinin müalicəsi Mehriban xanımın gördüyü böyük miqyaslı işlərin sadəcə bir hissəsidir. İşğaldan sonra Şuşada keçirilən “Xarıbülbül” festivalı isə Heydər Əliyev Fondunun  və Mehriban xanım Əliyevanın müasir Azərbaycan tarixinə, mədəniyyətinə verdiyi ən böyük töhfə olmuşdur.

Azərbaycanda kimsəsiz uşaqlar və yaşlılarla bağlı çox ciddi dövlət proqramları vardır. Dövlət başçısının bu sahədə nəzarəti qayğıya ehtiyacı olan insanların diqqət və qayğı ilə əhatələnməsinə gətirib çıxarmışdır. Lakin Heydər Əliyev Fondunun və onun dəyərli rəhbərinin xeyirxah işləri ona xalq arasında böyük hörmət və məhəbbət qazandırmışdır. Doğum günlərini fiziki və əqli qüsurlu uşaqlarla keçirən, ahıl vətəndaşlara məhəbbətlə yanaşan Mehriban xanım Əliyeva bu dəfə də onlara nahar süfrələri açdırdı. Ölkə ərazisində valideyn qayğısından və övlad diqqətindən məhrum olanlar onun və cənab Prezidentin sayəsində növbəti gözəl bir gün keçirmiş oldular.

Belə bir söz var, deyərlər ki, “el yüksəldəni heç kim yıxa bilməz”. Bu söz sanki Mehriban xanımın timsalında deyilib. Onun fəaliyyət dövrünə diqqətlə nəzər yetirəndə görürük ki, həyata keçirdiyi bütün işlər xalqının inkişafı naminədir. Mehriban xanım Əliyevaya heç vaxt xalqına xidmət etmək üçün hər hansısa bir vəzifə lazım olmamışdır. O daşıdığı bütün vəzifələri şərəfləndirmiş, bütün öhdəliklərini ləyaqətlə yerinə yetirmişdir.

Bizim tarix boyu xeyirxah qadınlarımız az olmayıb. Qədirbilən xalqımız hələ də Xurşidbanu Natavanı minnətdarlıq hissi ilə anmaqdadır. Sara xatunun sülh yaratma cəhdləri indi də tarix kitablarının səhifələrindədir, Nəbi ilə bərabər Həcərin döyüşlərdə mübarizə aparması xalqımız tərəfindən ehtiramla xatırlanmaqdadır. Zərifə xanım Əliyevanın şəfalı əlləri, nəcib ürəyi, peşakar fəaliyyəti xalqımızın qəlbində dərin məhəbbət qazanmışdır. Tam əminliklə deyə bilərəm ki, müasir dövrdə Mehriban xanım Əliyeva bütün mütərəqqi Azərbaycan qadınlarının ən gözəl xüsusiyyətlərini özündə birləşdirə bilmişdir.