YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkə sayıla bilər

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Məhz, avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır. Həmçinin, ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi qeyd olunan kateqoriyaya aid vətəndaşlara dövlətin xüsusi diqqət və qayğısının növbəti əyani nümunəsidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan şəhid ailələrinə, hərbçilərə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə dünya miqyasında nümunəvi ölkə sayıla bilər: “1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib və 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Məhz, açılışı olmuş Abşeron rayonundakı şəhərcikdə birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Ötən gün keçirilmiş tədbirdə  isə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Ümumiyyətlə, müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır ki, bu günə qədər 7200 müharibə əlili avtomobillə təmin olunub. Bu il isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Bütün bunlarla yanaşı, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Eləcə də son 8 ayda 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reablitasiya xidmətləri göstərilib. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb”.

“Göründüyü kimi, Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə, hərbçilərə və veteranlara göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır” -  deyən Sədaqət Vəliyeva əlavə edib ki, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi həyata keçirilən sosial siyasətin mühüm tərkib hissədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu kateqoriyadan olan insanlara bundan sonra da yüksək dövlət qayğısı olacaq.

DİGƏR Xəbərlər Arxiv