YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan tərəfi çalışır ki, ya özünün sülhpərvər obrazını formalaşdırsın, ya da vaxt qazanaraq çirkin oyunlarını həyata keçirsin

   “Avqustun 11-də baş vermiş üç hadisə regionda çox qəliz, mürəkkəb proseslərin getdiyindən xəbər verir və  bir sıra nəticələr çıxarmaq üçün əsaslar yaradır. Bu, ilk növbədə onunla bağlıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sərt  Bəyanat qəbul etdi. Bu Bəyanatda 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin 4-cü bəndinin yerinə yetirilməməsindən narahatlığını ifadə etdi. Həmin bəndə görə Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri  Qarabağ ərazisini tərk etməli idi. Bəyanatda da qeyd edildiyi kimi, bu, nəinki baş vermir, eyni zamanda, təkzibedilməz faktlar var ki, Ermənistan  üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya  sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə yerləşdirir. Daha dəqiq desək,  Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında postlar qurulur. Eyni zamanda, Laçın və Zəngilan  rayonlarının şərq hissəsində  belə erməni postları qurulmaqdadır.  Bu isə daban-dabana 10 noyabr sənədi ilə ziddiyət təşkil edir. Rusiya sülhməramlıları buna görə çox böyük məsuliyyət daşıyırlar.  Eyni  zamanda, Müdafiə Nazirliyinin sərt bəyanatında o da vurğulanır ki,  baş vermiş hadisələrə görə bütün məsuliyyət  qarşı tərəfin üzərinə düşür.”

 Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

  Millət vəkili qeyd edib ki,  elə həmin gün Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyi də  İrana nota verdi: “İranın ölkəmizdəki  səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu  və ona bildirildi ki,  Azərbaycan tərəfində təkzibedilməz  faktlar mövcuddur ki,  İran ərazisindən yük avtomobilləri  ilə Qarabağa təyinatı  məlum olmayan yüklər daşınır və  bu, Azərbaycanın icazəsi olmadan baş verir. Burada  İranın Ermənistana dəstəyi  ifadəsini tapır ki, bu da qəbuledilməzdir.  Bu,  heç bir halda Azərbaycanla İran  arasındakı  mehriban qonşuluq və dostluq münasibətlərinə uyğun  gəlmir, ona xələl gətirir, kolgə salır. Təqdim olunan notada İranı belə hərəkətlərdən çəkinməyə  çağırış öz əksini tapmışdır.”

    “Prezident İlham Əliyev  bu məsələlərlə bağlı  son çıxışlarının birində  qeyd etmişdir ki,  üçüncü ölkələrin ərazisindən Qarabağa ermənilərə dəstək üçün yuk avtomobillərinin  getməsi,  yuklərin daşınması ilə bağlı dəqiq məlumatlar vardır” söyləyən E.Nəsirov onu da  vurğulayıb ki,  bir çox hallarda, hətta,  həmin yük avtomobillərinin  nömrələri erməni nömrələri ilə dəyişdirilir ki, iz itirilsin:  “Amma əlimizdə çox dəqiq  faktlar, sübutlar, arqumentlər var. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan-İran münasibətlərinə xələl gətirir və onun perspektivlərinə ziyan vurur.”

     Millət vəkili    avqustun  11-də baş verən üçüncü hadisəni- Rusiyanın müdafiə naziri Sergey Şoyqunun  Ermənistanın yeni  müdafiə naziri Arşak Karapetyanı qəbul etməsini və  həmin görüşdə  Ermənistan ordusunun modernləşdirilməsinə   Rusiyanın ciddi dəstək verəcəyini  ifadə etməsini diqqətə çatdırıb: “Eyni zamanda,  S.Şoyqu Ermənistanı  Rusiyanın əsas strateji hərbi müttəfiqi  adlandırır. Bu da təbii ki, Ermənistanda revaşizm duyğularını  gücləndirən haldır. Nəticədə 10 noyabr və 11 yanvar  sənədlərinin işlənməsi üçün çox ciddi  əngəllər yaradılır. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu məsələlərlə  bağlı Azərbaycanın iki mühüm dövlət qurumu-Müdafiə Nazirliyi və  Xarici İşlər Nazirliyi açıq şəkildə öz  sərt mövqeyini ifadə edib.”

     E.Nəsirov qeyd edib ki, bu reallıqlar fonunda Ermənistanın  baş naziri  Nikol Paşinyan   Azərbaycanla danışmağa hazır olduğunu, ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini bildirib:  “Bu da Ermənistanın növbəti təxribatçı davranışıdır. ATƏT-in Minsk qrupu   ömrünü başa vurub. Onlar münaqişənin həllinə heç bir koməklik etmədilər. Nəinki koməklik etmədilər, hətta,  işğalçının yanında yer aldılar.  44 günlük İkinci Qarabağ müharibəsi bütün həqiqətləri  çılpaqlığı ilə  üzə çıxartdı. Belə olan vəziyyətdə ATƏT-in Minsk qrupundan hansı təklifi gözləyirik?   Onlar Qarabağın statusu ilə bağlı   yeni təklif icad edəcəklərmi?  Status məsələsi artıq öz həllni tapıb.  Ali Baş Komandanımız söylədi ki,  status yoxdu, olmayacaq da.”

   Millət vəkili iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanın imzalandığını,  Qarabağ iqtisadi rayonunun yaradılmasını da xüsusi qeyd edib: “Bütün bunlardan sonra ATƏT-in Minsk qrupu hansı təklifi ortaya qoya bilər?  Deməli, Ermənistan tərəfi  çalışır ki,  ya özünün sülhpərvər obrazını formalaşdırsın, ya da  vaxt qazanaraq çirkin oyunlarını həyata keçirsin. Yenidən silahlanma baş versin,  revanşizm duyğuları gücləndirilsin, bununla da  regionda yeni gərginlik ocaqları yaratsınlar.  Bunların heç biri bizim üçün qəbul edilən  şərtlər deyil. Şərti Azərbaycan diktə edir.  Qalib olan Azərbaycandır, Ali Baş Komandandır,  Azərbaycan Ordusudur və Azərbaycan xalqıdır. Şərtləri biz diktə edirik. Qarşı tərəf papağını  qarşısına qoyub düşünsün, əgər o papağı varsa.”