YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

I “Davamlı İnkişaf Məktəbi” layihəsinin Nəzəri Modul üzrə ilk görüşü keçirilib

İyulun 7-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin I “Davamlı İnkişaf Məktəbi” proqramının Nəzəri Modul istiqaməti üzrə “Dövlətçilik Tarixi - Ulu Öndər Heydər Əliyev və Müasir Azərbaycan Respublikası" mövzusunda seminarı keçirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bu gündən etibarən Davamlı İnkişaf Məktəbinin Nəzəri Modul üzrə ilk seminarına başlanıldığını bildirib. Qeyd edib ki, seminarın əsas məqsədi iştirakçılara dövlətçilik tarixi və müasir Azərbaycanın qurulmasında ulu öndər Heydər Əliyevin xidmətləri haqqında məlumat verməkdir. B.İslamov bu gün Azərbaycan gəncliyinin dövlətçiliyimizin keçdiyi şanlı tarixi yol haqqında əsaslı və dolğun məlumatlara malik olmasının vacibliyini vurğulayıb.  

Seminarda Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli geniş təqdimatla çıxış edib. O, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb, bu xilaskarlıq missiyasının zəngin dövlətçilik irsimizdə xüsusi rol oynadığını bildirib. Qeyd edib ki, müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, xalqımızın milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Ə.Hüseynlinin sözlərinə görə, müstəqilliyimizin ilk dövlərində ölkədə yaşanan siyasi böhranlara biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı  ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin qurulmasında dönüş yarandı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.

Ə.Hüseynli 2003-cü ildən Böyük Yolun başlandığını önə çəkərək bildirib ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi, atdığı  hər addımı ilə  bu siyasi xəttə sadiqliyini təsdiqlədi. Son 18 ilə yaxın dövrdə Azərbaycanın qazandığı uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkəmiz dayanıqlı iqtisadi inkişafı, demokratiya təcrübəsi, beynəlxalq münasibətlər sistemində yeri və rolu, artan nüfuzu  ilə dünyanın diqqətindədir. Məhz bu uğurlarımız  tarixi Zəfərimizə yol açdı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində  yeni tarix yazıldı. Bu Zəfər yeni reallıqlar yaratmaqla Azərbaycanın regionda və dünyada rolunu daha da möhkəmləndirdi. Sevindirici haldır ki, bu gün Azərbaycan diktə edən tərəf kimi çıxış edir. Yeni reallıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, Böyük Qayıdışa start verilib. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ cənnət məkana çevriləcək. 

Sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb və xatirə şəkli çəkdirilib.