YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Bütün Qarabağ “yaşıl enerji” zonası olacaq, bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq

Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir.

Bu barədə Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib.

Hazırda Şuşa şəhərinin Baş Planının hazırlandığını və bir müddətdən sonra təsdiqlənəcəyini qeyd edən dövlətimizin başçısı deyib: “Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir”.

Prezident bildirib ki, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir.

“Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir”, - deyə Prezident İlham Əliyev Ağdamda və bütövlükdə Qarabağda həyata keçirilən və keçiriləcək layihələr haqqında danışıb.