YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Nyu-York, Los-Anceles və Atlanta şəhərlərində 28 May - Respublika Günü ilə əlaqədar aksiya təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və Yuta–Azərbaycan İcmasının üzvü Kamran Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-ın 3 şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr edilmiş məlumatlandırıcı aksiya keçirilib.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, aksiya zamanı Nyu-York ştatının Manhetten şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində xalqımızın tarixində önəmli yer tutan bu əlamətdar gün barədə məlumatları əks etdirən Led ekranlı yük maşınlarının hərəkəti təşkil olunub. Led ekranlarda “28 May – Azərbaycanın Respublika Günü” və “Şərqdə ilk demokratik respublika” sözləri yazılıb, Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər guşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.

Nyu-Yorkdakı hərəkət marşrutuna Brodvey, Uoll Strit, Vaşinqton Meydan Parkı, 5-ci Avenyu, Çambers Strit, Mərkəzi Park, BMT-nin inzibati binası və digər məşhur mərkəzi küçələr daxil edilib. Los-Anceles şəhərində Rodeo Drayv, Sanset Bulvarı, Mulholland Drayv, Hollivud Bulvarı, Melrouz Prospekti, Atlanta şəhərində Yüzilliyin Olimpiya Parkı, Piyemont-park, Vətəndaş və İnsan Haqları Mərkəzi, Ponse-Siti Marketi, Vest Piçtri Strit Şimal-Qərb, Piçtri Memorial Drayv Şimal-Qərb, Piçtri Roud kimi mərkəzi küçələr əhatə edilib.