YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Təhsil sahəsi Türkiyə-Azərbaycan əməkdaşlığının önəmli bir hissəsidir

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçünbu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən söyləyib.

İkinci Qarabağ müharibəsindən sonra başlanmış bərpa və yenidənqurma dövrü barədə danışan dövlətimizin başçısı deyib: “İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır”.

Türkiyə təcrübəsinin Azərbaycan üçün önəminə toxunan Prezident İlham Əliyev qeyd edib ki, həm təhsil, təhsilin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. “Çünki biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.