YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi və Şuşa rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şuşanın bərpası, dirçəlişi hamımızın işidir” adlı videokonfrans formatında tədbir keçirildi

Yeni Azərbaycan Partiyasının Binəqədi və Şuşa rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şuşanın bərpası, dirçəlişi hamımızın işidir” adlı videokonfrans formatında tədbir keçirildi.

Tədbirdə YAP Binəqədi və Şuşa rayon təşkilatlarının fəalları, Binəqədi və Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir başlamadan öncə torpaqlarımızın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhidlərimizə yüksək ehtiram ifadə olundu. Daha sonra Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi sözlərini əks etdirən videoçarx təqdim edildi.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğuladı ki, Şuşa Azərbaycan üçün tarixdir, milli qürurdur, milli mənlikdir, mədəniyyətdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra tariximizin də, milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin və qətiyyətinin təzahürüdür. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi hər bir vətənpərvər azərbaycanlı bu prosesə fəal şəkildə qoşulmalı və Şuşanın dirçəldilməsində yaxından iştirak etməlidir.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxışında vurğuladı ki, 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi.

Videokonfransda Şuşa rayonu 6 nömrəli orta məktəbin direktoru, ərazi təşkilatının sədri Naimə Əliyeva, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət çıxış etmiş, bildirmişlər ki, üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyət paytaxtımızda - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Qələbəmizin kökündə xalqımızın milli birliyi durur.

Binəqədi rayonu 26 saylı 11 illik musiqi məktəbinin Şuşada keçirilən “Xarıbülbül” Musiqi festivalında iştirak edən nümayəndəsi Kamal Hüseynov isə Şuşada keçirilən və çox böyük tarixi, mədəni əhəmiyyəti olan “Xarıbülbül” musiqi festivalı ilə bağlı təəssüratlarını bölüşdü. Bu qüruru və secinci yaşadığı üçün Ali Baş Komandan başda olmaqla qüdrətli Azərbaycan Ordusuna və xalqımıza minnətdarlıq etdi.

Tədbirin bədii hissəsində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 8 e sinif şagirdi Nuray Namazlı vətənpərvərlik mövzusunda şeir səsləndirdi.

Sonda yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Şuşanın azadlığının hər bir azərbaycanlı üçün əsl bayram olduğunu bildirərək, bizə bu sevinci yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzuladı.