YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəşad Mahmudov: Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində regionların inkişafına xüsusi önəm verib

“Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində regionların inkişafına xüsusi önəm verib, prioritet istiqamət kimi yanaşıb. Belə bir prinsip dövlətimizin başçısının əhalinin rifahının yaxşılaşmasının, ölkəmizin sabitlik adasına çevrilməsinin və xalq-iqtidar birliyinin möhkəmlənməsinin məhz bu amillə–bölgələrin sürətli tərəqqisi ilə bağlı olması kimi qənaətindən irəli gəlib. Bu strategiyanın uğurla gerçəkləşdirilməsi isə ölkə rəhbərinin mürəkkəb və çətin şəraitlərdən alnıaçıq, üzüağ çıxmasında, onun verdiyi vədlərə ləyaqətlə əməl edən lider kimi tanınmasında, xalqın inam və etimadını qazanmasında həlledici rol oynayıb. Prezident İlham Əliyevin ötən dövr ərzində müvafiq fərmanları ilə təsdiqlədiyi regional proqramların uğurlu icrası nəticəsində respublikamızın şəhər və kəndlərində müqayisəolunmaz sürətli bir tərəqqi yaşanıb, əhalinin məşğulluğu sahəsində əsaslı dönüşə nail olunub”. Bu fikirləri Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, regional proqramların həyata keçirilməsi, eyni zamanda, bölgələrimizin mövcud potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, yeni müəssisələrin yaradılmasını, sənaye və kənd təsərrüfatında istehsal həcminin artırılmasını, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasını şərtləndirib. Belə bir vəziyyət isə son nəticədə yerli sahibkarlığın güclənməsinə, özəl bölmənin coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Azərbaycanın kənd və şəhərlərinin inkişafı regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə də öz müsbət təsirini göstərib”.

Millət vəkili həmçinin qeyd edib ki, ölkə rəhbəri istər regional proqramlarda nəzərdə tutulan tədbirlərin, istərsə də qarşıya çıxan problemlərin aradan qaldırılması məqsədilə vaxtaşırı bölgələrə səfərlər edir, vəziyyətlə yerində tanış olur, mövcud çətinlikləri vətəndaşların dilindən eşidir və bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verir, icrasını isə nəzarətdə saxlayır. Dövlətimizin başçısı bölgələrdə sosial-iqtisadi sahələrdə yüksək göstəricilərin əldə edilməsinin səbəbini də məhz bu cür iş prinsipi, operativ nəzarət sisteminin diqqət mərkəzində saxlanılması ilə əlaqələndirir və “Mənim işimin əsas hissəsini daxili məsələlər tutur, buna görə Azərbaycan çox uğurla inkişaf edir”, - deyir.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi önəm verməsindən bəhs edərkən bir məsələni də xatırlatmağı zəruri bilirəm. Belə ki, Prezident son illərdə təyin etdiyi gənc kadrların qarşısında kənd və şəhərlərin problemlərinə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmağı əsas vəzifələrdən bir kimi qoyub: “Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr – bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir”.

Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib ki, əgər respublikamızın bütün kəndlərinin, şəhərlərinin problemləri həll olunarsa, vətəndaşların qayğıları ilə yaşanılarsa, onların çətinlikləri öyrənilib, düzgün təhlil aparılaraq, aradan qaldırılarsa, deməli, həm ümumilikdə ölkə sosial-iqtisadi baxımdan güclənər, həm də xalqın dövlətə inamı, ümidi artar. Bu isə son nəticədə xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirər.

Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak etməsi, həmin müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olması, bundan sonra da respublika üzrə bütün iqtisadi layihələrin icrasının davam etdirilməsi barədə göstərişlər verməsi bir daha dövlət başçımızın regionların inkişafını daim diqqət mərkəzində saxlamasından, eyni zamanda, bu istiqamətdə reallaşdırılan siyasətin dönməz xarakter daşımasından xəbər verir.

Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində reallaşan tədbirlər bu rayonun timsalında regional Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı haqqında aydın təsəvvür formalaşdırır və belə dinamik tərəqqini tezliklə işğaldan azad olunmuş ərazilərdə müşahidə edəcəyimiz əminliyi yaradır.