YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın

“Postsovet məkanındakı bütün münaqişələrə eyni mövqedən yanaşılmalıdır. Azərbaycanın ərazi bütövlüyü Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Əgər Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun ərazi bütövlüyünü çox güclü şəkildə dəstəkləyir. Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi bütövlüyü prinsipinə nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı digər nümayəndəsinin sualına cavabdır. Onlar hətta Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü siyasətin nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri qərar qəbul edə bilmirlər və həmişə başqalarının arxasınca gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: Nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz cavab budur ki, dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq.” Bu fikirləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində çıxışı zamanı söyləyib. 

Dövlət başçımız qeyd etmişdir ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir.
 

DİGƏR Xəbərlər Arxiv