YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Torpaqlarımızın işğaldan azad olunması ölkəmiz üçün yeni iqtisadi imkanlar açıb

“Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Məşhur Məmmədov bildirib ki, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilməsi məhz yuxarıda sadaladıqlarımın həyata keçirilməsi üçün zamanın tələbinə uyğun bir qərardır.

Millət vəkilinin sözlərinə görə, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır. İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar regionda həm də yeni iqtisadi mənzərə formalaşdırıb. 30 ildən artıq müddət ərzində davam edən münaqişənin effektiv həlli regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji göstəricidir. Həmçinin torpaqlarımızın işğaldan azad olunması ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Məlumdur ki, bu ərazilər böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək.

Deputat qeyd edib ki, Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək baxımından qarşımızda tamamilə yeni imkanlar açır: “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi son dərəcə vacib bir prosesi nəzərdə tutur. Bu prioritet vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bunun üçün isə, Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir”.