YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya saytı Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlıq etməsindən yazıb

İndoneziyanın “matamatapolitik.com” saytı Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə xəbərdarlıq etməsi barədə məqalə yayıb.

İndoneziya saytı yanvarın 6-da Azərbaycan Prezidentinin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirə barədə “Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq etdi – ehtiyatlı olun!” başlıqlı yazı dərc edib. Yazıda qeyd edilir ki, dövlət başçısı Ermənistanın xarici işlər nazirinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar qəti etirazını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Yerevan bu cür təxribatçı hərəkətləri davam etdirərsə, peşman olacaq.

Məqalədə Azərbaycan Prezidentinin müşavirədəki çıxışından sitat gətirilib: “Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq”.

Yazıda Azərbaycan tərəfinin ərazidə yerləşən Rusiya sülhməramlılarını heç bir xaricinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edə bilməməsi barədə məlumatlandırdığı da əksini tapıb. Prezident İlham Əliyevə istinadla bildirilib: “Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”.

Məqalədə Azərbaycan Prezidentinin Ermənistanın xarici işlər nazirinə ünvanlandığı kəskin sual da əksini tapıb: “Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır”.

Yazıda Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanata da yer verilib. Qeyd edilib ki, həmin bəyanatda Ermənistan xarici işlər nazirinin Dağlıq Qarabağ regionuna səfəri noyabrda imzalanmış üçtərəfli razılaşmanın şərtlərinin ciddi şəkildə pozulması kimi qiymətləndirilib.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ötən ilin sentyabrında Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu və nəticədə təqribən 30 il işğal altında olan torpaqların azad edilməsi barədə ətraflı məlumat da əksini tapıb.

DİGƏR Xəbərlər Arxiv