YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yücel Karauz: Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq

Dövlətləri gücləndirən, inkişaf etdirən, beynəlxalq nüfuzunu artıran, təhlükəsizliyini təmin edən, xalqları rifaha qovuşduran məhz liderlərdir. Milli düşüncəli liderlər xalqın və ölkənin taleyinə bağlı bütün məsələlərdə zamanında və düzgün qərar qəbul etməyi bacarır. Prezident İlham Əliyev yüksək intellekti, liderlik keyfiyyətləri ilə seçilən, beynəlxalq prosesləri düzgün dəyərləndirə bilən prinsipial və qətiyyətli dövlət başçısıdır.

Bu fikirləri ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yüksək bacarıqla davam etdirildiyini vurğulayan Yücel Karauz dövlətimizin başçısının beynəlxalq proseslərin səmtini hər zaman düzgün dəyərləndirdiyini deyib: “Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti və onun acı nəticələri təkcə Azərbaycana qarşı deyil, Türkiyə başda olmaqla bütün türk dünyasına qarşı təhdid və təhqir idi. İlham Əliyev dövlət başçısı olduğu bütün illər ərzində bu problemi aradan qaldırmağa hazırlaşdı və qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan kimi real nəticə əldə etdi. Prezident İlham Əliyev fəaliyyətinin əsas hissəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasına həsr etmişdi”.

Qırx dörd günlük Vətən müharibəsinin hər anının Azərbaycanın hərb tarixinin qəhrəmanlıq salnaməsində ayrı bir səhifə olduğunu diqqətə çatdıran general deyib: “Prezident İlham Əliyev müharibə günlərində sübut etdi ki, o, yenilməz ordu yaratmağı bacardığı kimi, əks-hücum planlarının hazırlanması, döyüş prosesinin idarə olunması sahəsində də böyük biliyə və qətiyyətə sahibdir. Bütün bunlar Azərbaycan xalqında Ali Baş Komandana inamı artırırdı ki, bu da şanlı Qələbənin qazanılmasında ən mühüm amillər sırasındadır. Vətən müharibəsində Azərbaycan Ordusunun taktiki baxımdan bir dəfə də olsun geri çəkilməməsi dünya hərb tarixində, xüsusilə XXI əsrdə savaş meydanında böyük yenilikdir”.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə xalqımızın mənəvi-psixoloji əhval-ruhiyyəsinin daha da yüksəldiyini söyləyən Yücel Karauz əminliklə bildirib ki, Azərbaycan dövləti və xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq, işğaldan azad olunmuş torpaqlara yeni nəfəs gələcək.