YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan son 17 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib

"Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin  ideyaları əsasında inkişaf edir, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır". Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı  deyib. Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan son 17 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür. Azərbaycan həm də tolerantlıq nümunəsidir, ölkəmizdə müxtəlif xalqlara və mədəniyyətlərə məxsus insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Multikulturalizm Azərbaycan cəmiyyətində həyat tərzidir. Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda demokratik ölkə imicinə sahibdir. Həyata keçirilən islahatlar demokratik inkişafı sürətləndirməklə yanaşı, idarəetmənin daha da təkmilləşməsini şərtləndirir, bütün bunlar isə dövlətimizin gücünün artmasını təmin etmiş olur.

M.İbrahimqızı, həmçinin deyib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir: "Bu gün Prezident İlham Əliyevin gərgin əməyi, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və daim dəstəklənir. Biz son dövrlər dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlara münasibətdə də cəmiyyətin ən müxtəlif təbəqələrinin razılığını, sonsuz rəğbətini müşahidə edirik. Xalqımız əmindir ki, həyata keçirilən sosial, iqtisadi, struktur ishatları, gənclərə göstərilən dəstək və etimad müasir dövrdə Azərbaycanın daha böyük nailiyyətlər əldə etməsinə təkan verəcəkdir. Məlumdur ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular, yüksək demokratikliyi ilə seçilən, xalqımızın mütləq əksəriyyətinin iradəsini əks etdirən seçkilərin nəticələri ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini sübut edir. Təsadüfi deyil ki, hər bir azərbaycanlı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın Ali Baş Komandanımız, Prezidentimiz  İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində azad olunacağına inanırdı və belə də oldu.  Dövlətimizin başçısının "Qarabağ Azərbaycandır və nida" bəyanatı 44 günlük Vətən müharibəsinin əsas rəmzinə çevrildi. Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail oldu. Dövlətimizin başçısı  qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Azərbaycan dövləti və xalqı bundan sonra da Prezident İlham Əliyevin Liderliyi ilə yeni-yeni nailiyyətlərə imza atacaq".