YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Bu xeyirin şər üzərində qələbəsidir və dünyada ədalətə olan inamı yenidən bərqərar edəcəkdir

Cənab Prezidentin Füzuli və Cəbrayıl ərazisində Azərbaycan bayrağı önündə diz çökərək, təzim edərək şanlı dövlət bayrağımızı bir daha enməmək üzrə sonsuz və azad Azərbaycan, Qarabağ səmalarına qaldırmasını görəndə qəlbimiz sevincdən köksümüzə sığmadı. Böyük mütəfəkkir və Azərbaycanın dahi şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şerindən bu parçanı xatırladım:

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

Hesab  edirəm ki, hələ müharibənin bitməyindən heç on gün keçməmiş cənab Prezident və çox hörmətli Mehriban xanımın qısa zaman öncə müharibənin qaynar fazasının yer aldığı ərazilərə səfəri cəsarətli və qorxmaz addım kimi qiymətləndirilməlidir. Cənab Prezident bu addımı ilə özündə cəmləşdirdiyi Azərbaycan xalqının qəhrəmanlıq əzmini göstərdi. Əlbəttə, qələbə qazanmağımızda iki böyük amil var idi. Biri xalqından güc alan lider, digəri isə liderinə, onun zəkasına və qətiyyətinə etibar edən xalq faktoru. Bunlar bir-birilərinə dəstək verən mənəvi güc mənbəyimizdir. Yolboyu müxtəlif sevgi axını ilə qarşılanan cənab Prezidentin də xalq məhəbbətinə qarşılıq verməsi, xalqla birgə şuarlar səsləndirməsi bugün nəinki xalq- iqtidar birliyinin möhkəmliyindən, hətta iki məfhumun artıq bir, vahid anlayışa çevirilməsindən xəbər verir.

Cənab Ali Baş Komandanın səsləndirdiyi hər sözü, hər ifadəni, hər kəlməni ayrı-ayrılıqda tezis kimi qəbul etmək olar. Cənab Prezident Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı ciddi addımlar atılacağını qeyd etmişdir. Bugün Qarabağın cənub hissəsindən keçərək Şuşaya gedən magistral, respublika əhəmiyyətli yolların çəkilməsinə belə tezliklə və sürətlə başlanılması əslində regionun gələcək inkişaf tempini göstərir. Xudafərin körpüsü və Araz çayına xitabən “dostluq sərhədi” ifadəsi də cənab Prezidentin regionda sülhün və əməkdaşlığın bərqərar olunacağına əminliyindən xəbər verir.

Cənab Prezident və çox hörmətli Mehriban xanımın qədim və tarixi əhəmiyyətə malik Xudafərin körpüsünün ətrafına səfəri və orada dövlət bayrağının qaldırması yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Uzun illər insan ayağı dəyməyən, işğalçılar tərəfindən zəbt edilmiş tarixi Xudafərin körpüsü və Araz çayı həm iki dövlət və ayrı düşmüş qardaşlar arasında, həm də elə insanlar arasında bundan sonra saf sevgi, ülviyyət və sədaqət simvoluna çeviriləcəkdir. Cənab Prezident və çox hörmətli Mehriban xanım bu ülvi hisslərin əsasını qoydular.

Sözün bütün mənalarında Ermənistan hakimiyyəti, erməni xalqı birdəfəlik dərk etməlidirlər ki, müharibə və işğal faktı bitdi. İndi hər birimizin doğma evi olan Cənubi Qafqaz regionunda sülhü, siyasi, iqtisadi və ictimai əlaqələri gücləndirmək, yenidən canlandırmaq vaxtıdır. Ermənilər bu fürsəti düzgün dəyərləndirməlidirlər. Azərbaycansız regionda heç bir layihə faktiki həyata keçirilməsi qeyri-mümkündür. Regionun inkişafı və humanitar fəlakətlə qarşılaşan Ermənistanın acınacaqlı vəziyyətdən çıxması naminə imzalanmış üçtərəfli bəyanatın şərtlərini o yerinə yetirməlidir. Əks halda daha ciddi məğlubiyyətlə qarşı-qarşıya qalacaqlar ki, bu da Ermənistanın bir dövlət kimi iqtisadi, siyasi və hərbi məhvinə səbəb olacaqdır.

Qarabağın işğaldan azad olunmuş ərazilərinə ilk səfər tarixi və siyasi yükü böyük olan ismarıclarla yadda qaldı. Cənab Prezident Füzulidə bayraq sancarkən Qarabağın statusu haqqında fikirlərini bir daha təkrarladı. Vahid Azərbaycan dövləti konsepsiyasına sadiqliyini və bu prinsiblərin dəyişməz olduğunu bir daha vurğuladı. Azərbaycan çoxmillətli və tolerant dövlətdir. Müxtəlif xalqlara və dinlərə mənsub insanlar mehribanlıq içərisində ölkəmizdə yaşayırlar. Erməni vətəndaşlarımızla bizim doğrudan da problemimiz yoxdur. Bizim işimiz torpaqlarımızı işğal edən hərbi-cinayətkar xunta rejimi ilədir. Hansı ki, onlar bizim ata-baba yurdlarımızı işğal edib, orada dağıntılar törədib, insanların mədəni, mənəvi, dini və maddi sərvətlərini talamışlar.

Dağıdılmış ərazilərdə monitorinqlər aparılması üçün yerli və beynəlxalq ekspertlər dəvət olunacaq, dağıntıların miqyası hesablanacaqdır. Dəqiq hesabatlar hazırlanacaq, uçot aparılacaq və bundan sonra bütün istiqamətləri üzrə beynəlxalq məhkəmələrə, təşkilatlara müraciət ediləcəkdir. Yolboyu Füzuli və Cəbrayıl rayonu və şəhər mərkəzlərində bir salamat binanın olmaması gələcəkdə irəli sürüləcək ittihamlar üçün çox ciddi əsas təşkil edir. Bunu cənab Prezident də xüsusi vurğulamışdır ki, dünya tarixində işğal və müharibə faktları az deyildir. Lakin heç bir düşmən bizə qarşı atılan addımlardan istifadə etməmişdir. Hər bir cinayətin və cinayətkarın öz cəzası var. Ortada fakt və onu törədənlər var. Ermənistan dövlət olaraq bu işğal cinayətini həyata keçirmişdir. Azərbaycan Respublikasının və onun vətəndaşlarının tam hüququ var ki, mənəvi və maddi əsaslarla təzminat ödənilməsini Ermənistandan tələb etsin və edəcəkdir.

Bugün Ermənistan paytaxtında baş verən siyasi çaxnaşma bir mənalı müharibədə uğranılan məğlubiyyətlə bağlıdır. Erməni xalqı baş nazir Nikol Paşinyanı günahlandırır, israrla onun istefasını tələb edir. Lakin bu məsələyə də məntiqli bir prizmadan yanaşan cənab Prezident haqlı olaraq əslində işğalçı və Xocalı qatili olan Köçəryan və Sarkisyanın əli qana batmış dəstələrini məğlub etdiyimizi bütün dünyaya bəyan etdi. Əlbəttə, verdiyi rəzil qərarlarla Paşinyan özünü və xalqını biabır etmişdir. Lakin bu məğlubiyyəti yalnız Nikol Paşinyana yükləmək qəti düzgün addım olmazdı. Bizim “dəmir yumuruğumuzu” işğalçı və əli qana batmış Sarkisyan və Köçəryan ordusunun da “başına vurmuş” olduq. Düşmən ordusu qarşımızda diz çöküb, məğlubiyyət aktına imza atıb və müharibə faktiki bitmişdir.

Bizim mübarizəmiz haqq işidir. Xeyir şər üzərində tarixi qələbə qazanmışdır. Xalqımız xeyir qüvvələri təmsil edir və şər qüvvələrin darmadağın edilməsi dünyada ədalətə olan inamı bərqərar edəcəkdir. Bu qələbəmiz dünyanın bir çox regionunun donmuş münaqişələri üçün də bir etalondur. Yəni uzunmüddətli münaqişələrin həlli üçün yeni imkanlar yaradacaq.

Dünyanın müxtəlif yerlərində azərbaycanlılar və ermənilər sülh içində yaşayırlar. Bu praktikadan Azərbaycanda da istifadə etmək olar. Əlbəttə, asan deyil. Müharibə nəticəsində hər iki tərəfdən olan insanlar əzizlərini itiriblər. Lakin münaqişənin hərbi həlli bitdi. İndi siyasi həll dövrüdür. Məcburi köçkünlər öz yurdlarına qayıtdıqdan sonra xalqlararası münasibətlər tənzimlənəcəkdir. Hər kəs üçrəngli dövlət bayrağımız altında məsud şəkildə və güvən içərisində yaşayacaqdır. Azərbaycan torpaqlarında 30 il əvvəl etdikləri kimi qlobal bir məsələyə çevirərək ikinci bir erməni dövləti yaratmaq cəhdinə heç bir zaman izin verilməyəcəkdir. 44 günlük  müharibədə şanlı ordumuz və müzəffər Ali Baş Komandanımız bunu bir daha sübut etdi.

Biz öz torpaqlarımıza qayıtmışıq və bir daha öz torpaqlarımızdan çıxmayacayıq. Bu bir mənalıdır. Qəhrəmanlıq hekayələri, dastanlar yazılacaqdır. Biz sinələrində yalandan dırnaq arası qəhrəman adı daşıyanlardan deyilik. Biz əsil qəhrəman xalqıq. Biz bütün mifləri darmadağın etmişik. Ermənistan ordusunun qalibiyyəti nağıl idi. Onlar sadəcə 90-cı illərdə bizim “başsızlığımızdan” istifadə etmişdirlər. Bu gün milli ruhumuz özümüzə qayıdıb. Biz də qayıtmışıq. Biz tam qələbə qazanaraq birdəfəlik ərazi bütövlüyümüzü təmin etmişik.