YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jewish Press”: İsrailə Ermənistan kimi tərəfdaş həqiqətən lazımdırmı?

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda İsrailə qarşı çıxış edərək deyib: “İsrail Azərbaycanın Ermənistanla münaqişəsində Azərbaycanı dəstəkləmək üçün Türkiyə, terrorçular və suriyalı muzdlularla birləşib. Bu ittifaqın nəticələri sonda İsrailin zərərinə olacaq”.

44 gün davam etmiş döyüş əməliyyatları öz miqyasına və əhatə dairəsinə görə son illərdə ağır artilleriya, tank, raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə baş verən vaxtaşırı eskalasiyaları üstələyirdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut bu barədə “Jewish Press” informasiya agentliyinin saytında dərc edilmiş “İsrailə Ermənistan kimi tərəfdaş həqiqətən lazımdırmı?” sərlövhəli məqaləsində yazıb.

İsrailli analitik vurğulayır: “Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə son günlərdə Azərbaycanın “Sderot”una (İsraildə şəhər) çevrilib, çünki Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini və digər qeyri-hərbi hədəflərini daim atəşə tutur. “Human Rights Watch” təşkilatı Ermənistanı Azərbaycanın dinc sakinlərinə qarşı kasetli bombalardan istifadə edilməsində təqsirləndirib. Bununla belə, Ermənistanın nəzərində təcavüzkarlar İsrail və Azərbaycandır”.

Qutun fikrincə, Ermənistanın baş nazirinin diplomatik protokol və etiket anlayışlarından xəbəri yoxdur. Ekspert yazır: “Mən bilmək istərdim, Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə bu cür danışmağa cəsarəti çatarmı? Bu gün İsrail Dövlətini və onun müttəfiqlərini “Qarabağda ermənilərə qarşı soyqırımı törətməkdə” saxta ittiham edən Ermənistan kimi tərəfdaş və ya müttəfiqlər İsrailə yəqin ki, lazım deyil”.

İsrailli analitikin fikrincə, Xocalı soyqırımını inkar edən Ermənistanın baş nazirinin “soyqırımı” sözünü işlətməyə haqqı yoxdur. Arye Qut “Jewish Press” nəşrində dərc edilmiş məqaləsində yazır: “Ona xatırlatmaq istəyirəm ki, 1992-ci ilin fevralında məhz Ermənistan Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı törədib. Belə amansız etnik təmizləmə aktlarından birində Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 ahıl şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə şəxs zorakılığa və isgəncəyə məruz qalıb. O dəhşətli fevral gecəsində baş vermiş real hadisələr sənədli videomateriallar, həmin vaxt bu şəhərdə olmuş xarici jurnalistlərin və ekspertlərin şahid ifadələri ilə təsdiqlənib. Bu azərbaycanlıların belə qəddarlığa məruz qalmasının yeganə “səbəbi” onların azərbaycanlı olması idi”.

Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar britaniyalı jurnalist Tomas de Vaala verdiyi, “Qarabağ: Ermənistan və Azərbaycan sülh və hərb yolunda” adlı kitaba daxil edilmiş müsahibəsində Xocalı qırğınından söhbət açaraq deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi aradan qaldırdıq və bunlar baş verdi”.

Qut qeyd edir ki, Bosniya və Herseqovina, Honduras, Kolumbiya, Çexiya, Qvatemala, İordaniya, Meksika, Panama, Peru, Pakistan, Rumıniya, Serbiya və Sudan hökumətləri Xocalıda törədilmiş soyqırımına görə Ermənistanı rəsmən pisləyib və bu soyqırımına ədalətli münasibət göstərilməsini tələb ediblər. ABŞ-ın 20-dən çox ştatı da Xocalı soyqırımını pisləyən qətnamələr qəbul ediblər.

İsrailli ekspert yazır: “1918-ci ildə Azərbaycanın Quba rayonunda ermənilər tərəfindən 3000 yəhudi və azərbaycanlının məhv edilməsini heç vaxt unutmayacağıq. Onu da unutmaq olmaz ki, Ermənistanın əvvəlki hakimiyyət orqanları alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş faşist və cəllad Qaregin Ter-Arutyunyana Yerevanın mərkəzində heykəl qoyublar. Təəssüf ki, Ermənistanın yeni hökuməti bu heykəli oradan götürməyib. Lakin biz susmamalıyıq, deməliyik ki, Holokost dövründə törədilmiş cinayətlərdə əli olmuş bir insan hər hansı ölkənin milli qəhrəmanı kimi qələmə verilməməlidir. Məgər bundan sonra biz müasir Ermənistanda erməni faşist və antisemitin milli qəhrəman dərəcəsinə ucaldılmasına, bundan sonra ermənilərin bizə, israillilərə vicdan, mənəviyyat və ədalət dərsi keçmək cəhdlərinə laqeyd qala bilərikmi?”

Ermənistanın Azərbaycana hücumları nəticəsində evlər dağılıb, uşaqlar yetim qalıb, neçə-neçə insan şikəst olub. Üstəlik, İsraildəki Sderot şəhəri kimi Azərbaycanın Gəncə şəhəri də cəbhə xəttindən uzaqda yerləşir.

Arye Qut yazır: “Lakin təəssüf ki, dünyada çoxsaylı KİV-lər Ermənistanı deyil, Azərbaycanı təcavüzkar elan edir. Hərçənd, 30 ildən çoxdur məhz Azərbaycan erməni təcavüzünün qurbanıdır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində vurğulandığı kimi, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir, Ermənistan bu əraziləri qeyd-şərtsiz azad etməlidir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut “Jewish Press” informasiya agentliyinin saytında dərc edilmiş məqaləsinin sonunda yazır: “Geosiyasətdən başı çıxmayan zavallı Paşinyan nə vaxtdan İsrailin xarici siyasəti barədə məsləhətlər verməyə başlayıb? Paşinyan unudur ki, İsrail Yaxın Şərq regionunda hərəkətverici qüvvə və innovasiyalı aktordur. Siyasətçi nə qədər məhdud olmalıdır ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı və dünyada yeganə yəhudi ölkəsi olan İsrail Dövlətini terrorçuları dəstəkləməkdə ittiham etsin!”