YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: İmzalanmış bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir

“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. Bəyanatın imzalanması ilə münaqişənin nizamlanması hərbi fazadan siyasi müstəviyə daşındı və beləliklə də problemin həlli həlledici mərhələyə daxil oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bəyanata əsasən Azərbaycanın hazırda işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları dekabr ayının 1-dək tamamilə Ermənistanın işğalçı silahlı qüvvələrindən təmizlənəcək: “Göstərildiyi kimi, Ermənistanın silahlı qüvvələri noyabrın 15-dək Kəlbəcərdən, 20-dək Ağdamdan və dekabrın 1-dək Laçından tamamilə çıxarılacaq. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT TŞ-nin 4 qətnaməsi reallaşmış olur. Sözsüz ki, bəyanatın imzalanması ilə Azərbaycan Ermənistan üzərində tam siyasi-diplomatik və hərbi qələbəsini təmin etmiş oldu. Çünki əgər hərbi əməliyyatlara qədər müxtəlif kanallardan Azərbaycana “5 rayon + 2 rayon” təklifi müxtəlif şərtlər altında irəli sürülürdüsə, hazırda Azərbaycan heç bir şərt qəbul etmədən Dağlıq Qarabağı və 7 ətraf rayonu tam olaraq işğaldan azad edir. Eyni zamanda, əvvəllər Ermənistanın təzyiq vasitəsi kimi Dağlıq Qarabağın statusu ilə bağlı irəli sürdüyü təklif də birdəfəlik iflasa uğradıldı”.

Sədaqət Vəliyeva vurğulayıb ki, bəyanatda həmçinin nəqliyyat-kommunikasiya infrastrukturunun qurulmasını və qaçqınların yurdlarına qayıtmasını təmin edən maddələr də yer alıb: “İşğaldan azad olunan ərazilərdə quruculuq-abadlıq işlərindən sonra əlbəttə ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar. Bu isə o deməkdir ki, Qarabağda quruculuq və məskunlaşma prosesini dünya ictimaiyyəti izləyəcək, xüsusilə də BMT kimi beynəlxalq təşkilat şahidlik edəcək. Bundan başqa hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi də həyata keçiriləcək”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, bəyanatda əksini tapmış maddələrə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri də bərpa ediləcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək: “Təsəvvür edə bilirsinizmi ki, 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcək. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Bu məqamda qeyd edim ki, Ermənistan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət veriləcək”.

Sədaqət Vəliyeva Laçın dəhlizi ilə bağlı razılaşma barədə də danışıb və qeyd edib ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətində olacaq: “Bəyanata əsasən tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

“Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz də yaradılır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, mərkəzdə Rusiya ilə yanaşı Türkiyə də yer alır. Bu isə o deməkdir ki, Qarabağda sülhməramlı proses hər iki ölkənin nəzarəti və birgə əməkdaşlığı ilə həyata keçiriləcək: “Çox təəssüflər olsun ki, bu gün sosial mediada bəzi fürsətcillər Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə məkirli məna qatmaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Əslində isə Rusiya sülhməramlılarının fəaliyyətinin əsas mahiyyətini təhrif edən həmin qaragüruhçular unudurlar ki, bu sadəcə bölgədə təhlükəsizliyə nəzarət prosesidir. Rusiya sülhməramlıları Qarabağa əbədi olaraq gəlmirlər. Onlar bu günə qədər azərbaycanlılara qarşı soyqırımı, terror, qətliamlar həyata keçirmiş ermənilərlə birgə yaşayışın, etimad mühitinin formalaşmasına müvafiq qaydada nəzarət edəcəklər. Əlbəttə ki, əgər hər iki xalq birgə sülh içərisində yaşamağa razı olarsa, anlaşılmazlıq, yenidən qanlı olaylar baş verməzsə, Rusiya sülhməramlılarının missiyası vaxtından əvvəl də başa çata bilər. “Beşinci kolon”un nümayəndələri unutmasınlar ki, uzun illərdir davam edən müharibəni sülhlə, davamlı etimad və əməkdaşlıqla bitirmək hansısa fonddan qrant alıb layihə həyata keçirməyə oxşamaz. Burada dəqiq siyasət, qətiyyət, iradə və uzaqgörənlik keyfiyyətləri lazımdır. 44 gün ərzində döyüşüb, şəhid verib torpaqlarımızı işğaldan azad etdikdən sonra bölgənin hansısa dövlətə təslim edilməsi haqqında fikirlər söyləmək xəyanətdən baş bir şey deyil. Cənab Prezident İlham Əliyev nəyi nə zaman və necə etmək lazım olduğunu çox yaxşı bilir. Erməni lobbisinin Azərbaycan uzantıları unudurlar ki, Azərbaycan xalqı 30 ilə yaxın idi Dağlıq Qarabağın və ətraf yeddi rayonun həsrəti ilə yaşayırdı. Şuşa, Xankəndi əlçatmaz arzu, xəyal kimi qalırdı. Amma 44 günlük hərbi əməliyyatlarla və bəyanatın imzalanması ilə Ali Baş Komandanımız, Ordumuz xalqımızın xəyal və arzularını reallığa çevirdi, düşməni qovdu. Əli Kərimli, Arif Hacılı kimilərin torpaqlarımız qarış-qarış azad olunduqda “alqış”, uğurlu sülh prosesi zamanı isə qarğış deyinmələri sadəcə psevdovətənpərvərlikdir. Tövsiyə edirəm ki, Əli Kərimli, Arif Hacılı kimilər onların 28 il öncəki xəyanət ləkəsini şəhidlərimizin qanı ilə sildiyini unutmasınlar”.