YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alması qəbuledilməzdir

Ermənistanın Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alması qəbuledilməzdir.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 14-də xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Ermənistanın yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçdiyini diqqətə çatdıran Prezidentin köməkçisi deyib ki, bu ölkə münaqişəni getdikcə daha da gərginləşdirir. Bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır. Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir.