YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bu gün Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir

“Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycan məktəbi bu gün yeniləşir, modernləşir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Elə ötən gün cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni korpusunun açılışı olmuş Nizami rayonundakı 251 saylı orta məktəb də təhsilə olan diqqət və qayğının əyani sübutu oldu”. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 251 saylı orta məktəbin əsaslı şəkildə təmir olunması, eyni zamanda dördmərtəbəli, 840 şagird yerlik yeni korpusun inşası Nizami rayonunun həmin ərazidə yaşayan sakinlərinə, şagirdlərinə və valideynlərinə bir hədiyyə oldu: “Bu gün Nizami rayonunda demək olar ki, təmirsiz məktəb yoxdur. Şagirdlərimiz yüksək səviyyədə təmir edilmiş, inşa edilmiş təhsil ocaqlarında təhsil alırlar. Onların mükəmməl təhsil almaları üçün hər bir şərait təmin edilib. Bütün bunlara görə hər bir rayon sakini cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirir”.

“Bu gün Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, son 17 ildə ölkədə 3500-dən məktəb binasının tikilib və ya əsaslı təmir olunub və bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb: “Dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Azərbaycanın təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, göstəricilərinin dünyanın bir çox ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir”.

Sədaqət Vəliyeva təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri də xüsusi qeyd edib: “Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.