YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Vatikan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

İtaliyada keçirilmiş “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” mövzusunda konfransda iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti dekabrın 11-də Vatikanda Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko Ravazi ilə görüşüb.
Azərbaycan nümayəndə heyətini Vatikanda salamlamaqdan məmnunluq duyduğunu deyən kardinal Azərbaycan Milli Məclisi və İtaliya Senatı tərəfindən təşkil olunmuş konfransın əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşlərini məmnuniyyətlə xatırlayan Can-Franko Ravazi bildirib ki, Fond ilə Vatikan arasında nümunəvi əməkdaşlıq münasibətləri mövcuddur. O, Fondun dəstəyi ilə Vatikanda həyata keçirilən işlər barədə məlumat verib və hazırda gələcək əməkdaşlığa dair planların nəzərdən keçirildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Romada keçirilmiş konfransla bağlı məlumat verib. Azərbaycanın dini və etnik dözümlülük nümunəsi olduğunu deyən A.Kərimli vurğulayıb ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlıq çərçivəsində Vatikanda həyata keçirilən işlər ölkəmizdə mövcud tolerantlığa yaxşı bir baxış prizması formalaşdırır.
Konfransın uğurla keçdiyini deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünyada dini zəmində münaqişələrin və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda tolerantlığın, birgəyaşayışın təbliğ olunmasının əhəmiyyətindən danışıb. Azərbaycan ilə Vatikan arasında münasibətlərin yaxşı səviyyədə olduğunu deyən komitə sədri mərhum Roma Papası II İohan Pavelin Azərbaycana 2002-ci ildəki səfərini xatırladıb. O, Azərbaycan ilə Vatikan arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsinin önəmini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv