YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaqdır

Mayın 7-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Adrian Sternin “Afrikanın vəhşi təbiəti” adlı fərdi sərgisi açılacaqdır. 

Heydər Əliyev Mərkəzindən bildirmişlər ki, sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilati dəstəyi ilə keçiriləcək Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində təşkil olunacaqdır.

Sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə cəlb etməkdir.

Heydər Əliyev Mərkəzindəki sərgidə müəllifin 35 əsəri təqdim ediləcəkdir.

Adrian Sternin Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son on il ərzində Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkmişdir.

Adrian Stern heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın əksər ölkələrini gəzmiş fotoqraf və rejissordur. O, yaradıcılıq məqsədilə Braziliya və Uqandanın tropik meşələrinə, Nepal dağlarına və s. səyahət etmişdir. Adrian Stern Dünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı olaraq vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brokonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq istiqamətində səmərəli fəaliyyət göstərir.

Adrian Stern 2013-cü ildə Nepal pələngləri və Uqandanın dağ qorillaları üçün təhlükələrdən bəhs edən qısametrajlı film çəkmişdir. O, həmin il, həmçinin “Cənubi Afrikanın 21 ikonu” layihəsini reallaşdırmağa başlamışdır. Burada Nelson Mandela, Nadin Qordimer və Desmond Tutu kimi məşhur simaların portret və müsahibələri yer almışdır. Layihə Nelson Mandelanın portretinin rekord sayda satışı ilə yadda qalmış və satışdan əldə olunan pul vəsaiti xeyriyyə fonduna təqdim edilmişdir.

Adrian Stern 2011-ci ildə Böyük Britaniyanın nüfuzlu siyasi xadimi Lord Filip Qouldun həyatının son iki həftəsini həm fotolarda, həm də “Mən öləndə: ölüm zonasından dərslər” qısametrajlı filmində əbədiləşdirmişdir. Həmin fotolar Londonun Milli Portret Qalereyasının daimi ekspozisiyasında nümayiş olunur.

Hazırda Adrian Stern Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyir.

DİGƏR Xəbərlər Arxiv