YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş Assambleyasının sədri: Qoşulmama Hərəkatı və BMT-nin ortaq hədəfləri var

Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmiş BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatını “Ağlın səsi” adlandırıb. O, həmçinin Azərbaycan paytaxtında bir sıra görüşlər keçirib, ölkəmizin dayanıqlı inkişaf və qadın haqları sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olub. Bu barədə BMT-nin saytında yerləşdirilmiş materialda bəhs olunur.

Baş Assambleya sədrinin sözlərinə görə, Qoşulmama Hərəkatı və BMT-nin fundamental insan hüquqlarına, həmçinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək kimi ortaq hədəfləri var. Ticani Məhəmməd-Bande müdriklik və yumşaqlıq örnəyi adlandırdığı hərəkat iştirakçılarını çətinliklərə rəğmən BMT-nin Nizamnaməsinə uyğun şəkildə sülh, tərəqqi və ədalət naminə fəaliyyət göstərməyə çağırıb.

Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Ticani Məhəmməd-Bande hökumətin, BMT İnkişaf Proqramının və “BMT-qadınlar” təşkilatının dəstək göstərdikləri Xəzər rayonundakı Qadın Resurs Mərkəzində olub, qadın sahibkarlar ona qazandıqları uğurlardan bəhs ediblər. Baş Assambleyanın sədri vurğulayıb ki, Azərbaycanda bu cür mərkəzlərin fəaliyyəti təkcə qadınlara kömək göstərmir, həmçinin ümumilikdə cəmiyyətin həyatına müsbət təsir edir. O, həmçinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, əhaliyə göstərilən xidmətlər, yoxsulluğun azaldılması və dayanıqlı inkişaf Hədəflərinə nail olunması sahələrində uğurlarını qeyd edib.

Ticani Məhəmməd-Bande Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, habelə Pakistan və Venesuelanın dövlət başçıları və Kubanın Xarici İşlər naziri ilə görüşlər keçirib.