YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş Assambleyasının prezidenti: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası yönündə Azərbaycan tərəfindən atılan addımlar təqdirəlayiqdir

Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşüb.

Görüşdə Əli Əhmədov qonağı 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı günü münasibətilə təbrik edib.

Baş Nazirin müavini bildirib ki, Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.

Söhbət zamanı Əli Əhmədov son illər Azərbaycanda bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu, respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, bütün sahələrdə mütərəqqi islahatların aparıldığını qeyd edib.

Azərbaycan-BMT əlaqələrinin önəmindən danışan Baş Nazirin müavini təşkilatın növbəti illərdə də ölkəmizdə həyata keçirilən müxtəlif iqtisadi və sosial inkişaf proqramlarına töhfə verəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin rolunun vacibliyini diqqətə çatdırıb.

Baş Nazirin müavini qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın zəbt olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Amma təəssüf ki, bu qətnamələr indiyədək icra olunmayıb.

Azərbaycanda olan sürətli inkişafı əyani şəkildə gördüklərini deyən BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Azərbaycan tərəfindən artıq ikinci dəfə Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda Könüllü Milli Hesabatın təqdim olunmasını yüksək qiymətləndirib. O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası yönündə Azərbaycan tərəfindən atılan addımlar təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin region üçün çox böyük təhlükə olduğunu deyən Ticani Məhəmməd-Bande BMT ilə yanaşı, qurumun Baş Assambleyasının da münaqişənin həllində vacib rol oynayacağına əminliyini ifadə edib. O, bu münaqişənin tezliklə öz həllini tapacağına ümidvar olduğunu deyib.