YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir

“BMT-nin Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il oktyabrın 1-i bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Ahıllar Günü qeyd olunur. Bu günün beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır”. Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova  bildirib ki, Azərbaycanda Beynəlxalq Ahıllar Günü 1993-cü ildən qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Hazırda ölkəmizdə bu qəbildən olan minlərlə insan var”.

Deputat qeyd edib ki, ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ulu Öndər  Heydər Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olub: “Milli və bəşəri dəyərlərə söykənən bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilməkdədir. Belə ki, cənab Prezident tərəfindən imzalanan fərman və sərəncamlarda hər zaman ahılların maraqları, sosial statusu nəzərə alınır. Ötən illər ərzində, o cümlədən bu il  cənab Prezident İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, sığorta hissəsinin artırılması və s. bağlı sərəncamlar imzalayıb. Bu gün tənha ahıl vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir. Bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının ifadəsi kimi, yeni pansionatlar  inşa olunaraq, istifadəyə verilir. Həmin  pansionatlarda beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilməsi, onların asudə vaxtlarının mənalı təşkili üçün müasir tələblərə uyğun şərait yaradılır. Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahılların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də işlər ilbəil güclənir".

D. Cəbrayılova Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara göstərdiyi diqqət və qayğının da böyük rəğbətlə qarşılandığını deyib: “ Hesab edirəm ki, Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Hər zaman Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ahıllar, müharibə veteranları ilə görüşlər keçirir, onların qayğı və problemləri öyrənilir, sağlamlıq imkanları diqqətdə saxlanılır. Heç də təsadüfi deyil ki, bu il Mehriban xanım Əliyeva öz doğum gününü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla keçirdi. Hesab edirəm ki, Mehriban xanım Əliyevanın yaşlıları, uşaqları, müalicəyə və qayğıya ehtiyacı olan insanları hər zaman diqqətdə saxlaması, öz əziz gününü onlarla birlikdə keçirməsi bir daha onu göstərir ki, mərhəmət və insansevərlik onun təbiətinin və fəaliyyətinin qayəsidir”.

Deputat qeyd edib ki, bütün görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin artan qüdrətinin və onun hər bir vətəndaşına olan qayğısının göstəricisidir.