YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir

“Dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dili xalqımızın mənəvi sərvətidir. Ana dilimizin saflığının qorunması dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü, ardıcıl işlər görülür, mühüm tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Ulu Öndərimiz Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçün də çox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, ölkəmizdə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra məhz Azərbaycan dili siyasi elitanın dilinə çevrilməyə başladı. Bu, Azərbaycan dilinin inkişaf tarixində ən parlaq səhifələrdən biri kimi yadda qalıb. Ən mühüm məqamlardan biri isə budur ki, Ulu Öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Beləliklə, Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı sovet respublikalarından biri idi.

“Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev tərəfindən milli dilimizin qorunması istiqamətində tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edildi.  Belə  ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü kimi təsbit olunub.  Heydər Əliyevin Fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da çox önəmlidir. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik və bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır. Yəni, 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu Öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan Ümummilli Liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir”-deyə, J.Əliyeva vurğulayıb.