YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycanda uşaqlar dövlət qayğısı ilə tam təmin olunublar

“Azərbaycanda uşaqlar dövlət qayğısı ilə tam təmin olunublar”. Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki,  Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Onun sözlərinə görə, ölkəmizdə bir sıra sosial müavinət növü var ki, məhz uşaqların sosial müdafiəsinə yönəlib.

“Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı  ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü  təsis edilib. Eyni zamanda, sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları  üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət  109 manatdan 200 manata çatdırılıb. Bütün bunlar dövlətimizin uşaqlara qayğısının bariz nümunəsidir”-deyə, deputat qeyd edib.