YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının iştirakçılarına təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin “İnkişafda qadınların rolu” mövzusunda V konfransının iştirakçılarına təbrik ünvanladı.

Təbrikdə deyilir: “Müstəqil Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı faydalı münasibətlər quraraq bu gün ən müxtəlif sahələrdə birgə səmərəli fəaliyyət göstərir. Aktual mövzuya həsr olunmuş konfransınız son illər respublikamızda təşkil edilən mötəbər beynəlxalq tədbirlər sırasında xüsusi yer tutur.

1995-ci ildə Pekində keçirilən qadınların ümumdünya konfransı bütün ölkələr qarşısında qlobal, regional və lokal səviyyələrdə əsas fəaliyyət proqramlarını müəyyən etmişdir. İslam Əməkdaşlıq Təşkilatının qadın məsələləri üzrə nazirlərinin əvvəlki İstanbul, Qahirə, Tehran və Cakarta konfransları, eləcə də iştirakçısı olduğunuz Bakı konfransı cəmiyyətlərin inkişafında qadınların rolunun gücləndirilməsinə mühüm töhfədir.

Qadın hüquqlarına xüsusi diqqət yetirən islam dini qadın şəxsiyyətini layiqli mövqeyə yüksəltmişdir. Azərbaycan qadınları insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə etməklə təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu proseslərinin əsas qüvvələrindən birinə çevrilmişlər.

Bununla yanaşı, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar fəlakətlə üzləşmiş ölkəmizdə qadınlarımızın pozulmuş hüquqları indiyədək bərpa olunmamışdır. Bir sıra mötəbər qurumların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının respublikamızın ərazi bütövlüyünün bərpasını dəstəkləyən qərarlarına baxmayaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində göstərilən səylər hələ də nəticəsiz qalmaqdadır.

Əminəm ki, konfransınız qadınların inkişafda rolunun artırılmasına dair geniş və səmərəli müzakirələr aparacaq, gələcək illərdə beynəlxalq və milli səviyyələrdə tədbirlərin həyata keçirilməsi prosesində mühüm mərhələ olacaqdır.”


 

 

DİGƏR Xəbərlər Arxiv