YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq

“Azərbaycan əhalisinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir və cənab Prezident İlham Əliyevin daim qayğısı və diqqəti mərkəzindədir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ardıcıl və uğurlu islahatlar aparılır”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, bu islahatların ən mühüm tərkib hissəsi vətəndaşlarımıza göstərilən səhiyyənin idarə olunması və maliyyələşdirilməsinin optimallılığını təmin edəcək icbari tibbi sığorta sisteminin qurulmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə cənab Prezidentin rəhbərliyi altında son illərdə çox ciddi işlər görülmüşdür. İcbari Tibbi Sığorta Agentliyinin Yevlax, Mingəçevir, Ağdaş və Naxçıvan MR Sədərək rayonlarında həyata keçirdiyi pilot layihələr uğurlu nəticələr vermişdir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev İcbari tibbi sığortanın 2020-ci ildə bütün ölkə ərazisində tam tətbiq olunmasına hazırlıq işlərini sürətləndirmək, səhiyyənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi münasibətlər əsasında təkmilləşdirilməsi yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi xidmətin keyfiyyətini yüksəltmək, əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin yaradılması ilə bağlı Fərman imzalamışdır. İcbari tibbi sığortanın bütün ölkə ərazisində tam tətbiq edilməsi üçün mükəmməl hüquqi bazanın yaradılmasına ehtiyacvardır. “Tibbi sığorta haqqında” mövcud qanun 1999-cü ildə qəbul edilmişdir və bir çox aspektlərdə bu günkü tələblərə cavab vermir. Cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Tibbi sığorta haqqında” AR Qanununa əlavə və dəyişikliklər də bu zərurətdən irəli gəlir. Yeni qanun layihəsində təklif olunan dəyişikliklər çoxsaylı və geniş həcmlidir. Stilistik, redaktə, texniki xarakterli dəyişikliklərlə yanaşı, layihədə bir çox yeni müddəalar öz əksini tapmış, 4 maddə çıxarılmış, layihəyə 34 yeni maddəni əhatə edən 5 yeni fəsil əlavə olunmuşdur. Bütövlükdə əlavə və dəyişikliklərin sayı isə 100-dən artıqdır”-deyə, Ə.Əmiraslanov vurğulayıb.

Komitə sədri qeyd edib ki, icbari tibbi sığortanın əlavə hissəsinə münasibətdə uşaqlar, tələbələr, əlillər, pensiyaçılar, dövlət ünvanlı sosial yardımı alan ailələrin üzvləri, hamilə qadınlar, qismən ödənişli məzuniyyətdə olan qadınlar dövlət büdcəsi hesabına, muzdlu əməklə məşğul olan şəxslər işə götürənin və özünün vəsaiti hesabına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi müqavilə əsasında işləyənlər, qeyri-məşğul şəxslər öz vəsaitləri hesabına sığorta ediləcəklər.

“Layihənin IV-III fəsli “İcbari tibbi sığortanın maliyyətəminatı” adlanır. Bu fəsildə İcbari tibbi sığortanın maliyyəmənbələri, sığorta haqlarının məbləği, hesablanma və ödənilmə qaydası öz əksini tapmışdır. IV-III fəsildə çoxdan müzakirə edilən bir çox suallara cavab verilmişdir. Belə ki, layihənin 15-10.1.1 maddəsində xidmətlər zərfinin baza hissəsinin sığorta məbləği təqvim ili üçün adambaşına 29 manat müəyyən edilmişdir. Bu vəsait dövlət büdcəsi hesabına ödəniləcəkdir. Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqından 4% sığorta məbləği nəzərdə tutulur ki, bu məbləğ işəgötürən və işçi tərəfindən hərəyə 2% olmaqla ödəniləcəkdir. Digər kateqoriyadan olan şəxslər isə təqvim ili ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər”-deyən akademik əlavə edib ki, qarşıdan gələn 2019-cu il bütün ölkə ərazisində icbari tibbi sığortaya keçidin yekun, həlledici ili olacaq”-deyə, akademik vurğulayıb.