YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Azərbaycan qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər qazanacaq, qarşıya qoyulan bütün hədəflər və məqsədlər reallığa çevriləcək

“Müasir müstəqil Azərbaycanın dayanıqlı və dinamik inkişafı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Ötən 15 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan sürətlə inkişaf edib,  bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. 2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, səmərəli və məqsədyönlü siyasət nəticəsində siyasi, iqtisadi, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə olundu. Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələrin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılması təqdirəlayiq haldır”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri ölkəmizdə mövcud olan etibarlı təhlükəsizlik və sabitlik mühitidir. 2018-ci ildə beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin baş verməsinə baxmayaraq, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkəmizdə sabitliyi təmin edən başlıca faktor isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən ardıcıl, məqsədyönlü islahatların aparılması, uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsi Azərbaycanın qüdrətinin artmasında ifadə olunur. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Bu gün Azərbaycan insanların arzularının reallaşdığı bir məmləkətə çevrilib, həmçinin bu istək və arzuların həyata keçməsi üçün Azərbaycan dövləti və hökuməti lazım olan bütün şəraiti və imkanları təmin edir. Son 15 ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında belə bir inamı qəti surətdə formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət Azərbaycana möhtəşəm uğurlar qazandırır, sürətli inkişafı, sabitliyi təmin edir. Nə qədər Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz bir o qədər inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq. Bütün sahələrdə qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Azərbaycan iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi qarşıda dayanan əsas strateji vəzifələr sırasındadır. Bütövlükdə, Azərbaycan qarşıdakı dövrdə də yeni uğurlar, möhtəşəm nailiyyətlər qazanacaq, qarşıya qoyulan bütün hədəflər və məqsədlər reallığa çevriləcək. Bu isə regionun lider dövləti olan Azərbaycanın inkişaf yolunda inamla və qətiyyətlə irəliləməsini təmin edəcək”-deyə, Əli Əhmədov qeyd edib.