YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: 2018-ci il digər sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də mühüm uğurlar və əlamətdar hadisələrlə zəngin oldu

“2018-ci il digər sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də mühüm uğurlar və əlamətdar hadisələrlə zəngin oldu. İlin ən mühüm və əlamətdar hadisələrindən biri isə Yeni Azərbaycan Partiyasının VI Qurultayının keçirilməsi oldu. Təbii ki, xalqımızın arzularının və iradəsinin ifadəçisi olaraq Yeni Azərbaycan Partiyasının Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında olduqca mühüm əhəmiyyətə malik və əlamətdar, hətta deyərdim ki, qəbul etdiyi qərarları ilə tarixi hadisədir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

 Əli Əhmədov bildirib ki, cəmiyyətin bütün təbəqələrindən olan 730 mindən artıq vətəndaşı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına öz layiqli töhfəsini verməkdədir. Cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin də partiyamıza axınının davamlı xarakter daşıması Yeni Azərbaycan Partiyasının gələcəyinə olan yüksək inamın təzahürüdür.

“YAP-ın VI Qurultayı Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının VI Qurultayında partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qəbul edilən qərar, hər şeydən əvvəl, Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi bir qərar idi. Aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyətinin səsvermədə iştirak edərək cənab İlham Əliyevin lehinə səs verməsi bu reallığın bariz ifadəsi oldu. Seçki günü Azərbaycan xalqı yüksək fəallıq və əsl vətəndaş mövqeyi sərgilədi, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri seçki məntəqələrinə sözün həqiqi mənasında axın edərək, sərbəst şəkildə öz iradələrini ifadə etdilər. Bütövlükdə, 2018-ci ilin aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Liderinin möhtəşəm qələbəsi bütövlükdə xalqımızın qələbəsi oldu. Bu, cənab İlham Əliyevin dövlətimizin inkişafı naminə göstərdiyi xidmətlərə Azərbaycan xalqının verdiyi layiqli qiymət idi”-deyə, YAP Sədrinin  müavini vurğulayıb.