YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neft Fondunun yaradılmasının 19 ili tamam olur

19 il əvvəl - 1999-cu il dekabrın 29-da xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsi olaraq neft və qaz gəlirlərinin səmərəli idarə edilməsi, bu enerji resurslarından əldə edilən vəsaitlərin prioritet sahələrin inkişafına, sosial-iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılıb.

Fonddan bildirilib ki, fəaliyyətə başladığı vaxtdan 19 il ərzində ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, öhdəliklərini layiqincə yerinə yetirib.

Əgər 2001-ci ildə ARDNF-in vəsaitləri 270 milyon ABŞ dolları təşkil edirdisə, 2018-ci il üzrə bu rəqəm artıq 38 milyard dolları keçib.

Bu gün Neft Fondu tərəfindən bu vəsaitlərin səmərəli idarə edilməsi prinsipi əsasında ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi həyata keçirilir.

Ümummilli lider Heydər Əliyevin müdrik qərarına əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ARDNF-in vəsaiti hesabına həyata keçirilir. Ölkəmiz üçün çox mühüm iqtisadi, siyasi, strateji əhəmiyyət kəsb edən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Oğuz-Qəbələ-Bakı su kəmərinin, "Star" neft emalı kompleksinin, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından mühüm olan "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti”nin tikintisi layihələri də Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bunlarla yanaşı, hazırda Samur-Abşeron suvarma sisteminin yenidən qurulması tikintisi layihəsinin maliyyələşdirilməsi Neft Fondu tərəfindən həyata keçirilir.

ARDNF tərəfindən maliyyələşdirilən mühüm layihələrdən biri də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Bu layihənin əsas məğzi “qara qızıl"ın insan kapitalı”na çevrilməsi ideyasının reallaşdırılmasıdır.

Yaradıldığı gündən etibarən şəffaflıq Neft Fondu fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Bu şəffaf fəaliyyətin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq məhz Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla yanaşı, ARDNF 2018-ci ilin oktyabr ayında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib və dövlət vəsaitlərinin idarə olunması üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yerdə qərarlaşıb.

Həyata keçirilən bütün bu tədbirlər sayəsində bu gün Dövlət Neft Fondu nəinki Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə institusional quruculuq, vəsaitlərin səmərəli idarə edilməsi, əməliyyatların şəffaflığı və informasiyanın açıqlığına görə fərqlənən və bu sahədə yüksək nüfuza malik qurum kimi tanınır.