YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət nəticəsində 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib. Hər şeydən əvvəl, Cənubi Qafqaz regionunun lider dövləti olan, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın cari ildə dostları və tərəfdaşları ilə münasibətləri uğurla inkişaf edib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu il Prezident İlham Əliyevin 16 rəsmi və işgüzar səfərinin həyata keçirilməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olmaları Azərbaycanın xarici siyasət kursunun intensiv və dinamik xarakter daşıdığını göstərir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə 2018-ci ildə əldə edilmiş ən böyük uğurlardan biri hesab olunmalıdır. 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması isə regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu.

“Bundan başqa, bu il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı prosesi”nin 10 ili tamam oldu. Tolerantlıq nümunəsi olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Oktyabrın 25-26-da Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda isə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarının müzakirəyə çıxarılması müstəsna önəm kəsb etdi. Bundan başqa, VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu DİM-in həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik oldu”-deyə, Baş nazirin müavini qeyd edib.