YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur

“Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı səsləndirib.

“Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

DİGƏR Xəbərlər Arxiv