YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı İnkişafa Dair Bakı Forumu keçirilir

Altıncı Beynəlxalq Humanitar Forum çərçivəsində oktyabrın 26-da Dayanıqlı İnkişafa Dair Bakı Forumu işə başlayıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan Forumda əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülən işlərə və qazanılan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.

Forumun moderatoru, “TRT World”un xəbər müxbiri xanım Maria Ramos Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş ilk Forumun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. O, Forumda dünyanın müxtəlif regionlarını təmsil edən 30-dan çox ölkədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırıb. M.Ramos Forumun əlamətdar günə - BMT-nin yaradılmasının 73-cü ildönümünə təsadüf etməsini xüsusi vurğulayıb, bu münasibətlə təbriklərini çatdırıb. O, bu Forumda regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Bakı prinsiplərinin müəyyən edildiyini vurğulayıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda VI Beynəlxalq Humanitar Forumunun işə başlamasını, hazırda isə Dayanıqlı İnkişaf Məqsədlərinə dair Forumun keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.

Baş nazirin müavini vurğulayıb ki, bu gün bəşəriyyətin üzərində ciddi çalışdığı ən mühüm məsələlər arasında Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Gündəliyin həyata keçirilməsi mühüm yer tutur. Dayanıqlı İnkişaf Məqsədləri üzrə götürdüyü öhdəliklərin həyata keçirilməsi Azərbaycanın dövlət siyasətinin ən əhəmiyyətli tərkib hissələrindən biridir.

Dayanıqlı İnkişaf Məqsədlərinin dünyada aclıq, yoxsulluq, qaçqın və məcburi köçkün problemi, ədalətsizliyin qarşısının alınması kimi mühüm problemlərin aradan qaldırılması baxımından mühüm sənəd olduğunu vurğulayan Əli Əhmədov bütün bunların bəşəriyyəti düşündürən və həlli vacib məsələlər olduğunu bildirib.

Bu baxımdan Azərbaycanın dünyaya örnək olduğunu vurğulayan Baş nazirin müavini ölkəmizin 30 ilə yaxın müddətdə 1 milyondan çox qaçqın və məcburi köçkün problemi olmasına baxmayaraq, sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında regional əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən Əli Əhmədov bildirib ki, yalnız bu yolla sosial problemlərin həllinə nail ola, digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparmaq imkan əldə edə bilərik.

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının uğurlu fəaliyyətindən danışan Baş nazirin müavini Bakı Forumunun bu işə böyük töhfə verəcəyinə əminliyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 73 il əvvəl qəbul olunan BMT Nizamnaməsinin və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin Minilliyin İnkişaf Məqsədlərinin əsasını təşkil etdiyini bildirib. Qeyd edib ki, Məqsədlərin həyata keçirilməsi üçün sözdən əmələ keçməyin vaxtı çatıb. 2030-cu ilə qədər yol xəritələri, milli planlar müəyyən edilməlidir. Gündəliyin tələblərinə uyğun olaraq QHT-lərin səyləri birləşdirilməli, innovasiyalardan istifadə edilməlidir. Bu isə bütün bəşəriyyətin kütləvi şəkildə səmərəli fəaliyyət göstərməsini şərtləndirir.

Azərbaycan hökumətinin BMT-nin ölkədəki hökuməti ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayan Qulam İshaqzai buna görə minnətdarlığını bildirib. O, Bakı Forumunun 2030-cu ildə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfə verəcək müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri xanım İnqa Ronda Kinq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında digər istiqamətlərlə yanaşı, özəl sektora da böyük dəstəyin verilməsinin önəmini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv