YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəriman Əliyev: Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib

“Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə gerçəkləşdirilə bilməz. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın təşəbbüsü ilə regionda strateji əhəmiyyətli layihələr reallaşdırılır, yeni əməkdaşlıq platformaları yaradılır”. Bu fikirləri Milli Məclisin deputatı Nəriman Əliyev deyib.

N.Əliyev bildirib ki, hazırda respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. İki il ərzində Azərbaycan qazı Avropa məkanına çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. 

“Bunlarla yanaşı,  Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat əlaqələrinin daha da genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, daha geniş coğrafiyada yerləşən ölkələr üçün də böyük əməkdaşlıq imkanları açır. Bütün bunlar onu göstərir ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə çevrilib”-deyə, N.Əliyev qeyd edib.