YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır

“Nikol Paşinyan BMT tribunasını siyasi terror vasitəsinə çevirdi və BMT buna qiymət verməlidir. Əks təqdirdə istənilən işğalçı terrorist özünü baş nazir kimi təqdim edib istənilən vaxt bu tribunadan sərsəm bəyanatlar verə bilər”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

BMT Baş Assambleyasının tamamilə fərqli gündəliklə toplandığını deyən deputat bildirib ki, Paşinyan ucuz siyasi şoumen kimi etnik separatizmə və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır: “Ancaq unudur ki, Ermənistan ordusu tərəfindən işğal edilən Azərbaycan torpaqlarının dərhal azad edilməsi elə tribunasından danışdığı beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Onun dedikləri isə həm BMT nizamnaməsinin 2(4)-cü maddəsinə, həm də BMT TŞ-nın qəbil etdiyi qətnamələrə ziddir. Əgər Paşinyanın belə hərəkətlərinə BMT-nin və onun Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik mandatı verdiyi ATƏT-in Minsk qrupunun kəskin reaksiyası olmayacaq və bu cür hadisəyə hüquqi qiymət verilməyəcəksə, onda dünya ölkələri beynəlxalq hüquqa, BMT-yə, ATƏT-ə necə inanacaq? Nə qədər gec deyil, BMT özünün o qədər də müsbət olmayan imicini bundan sonra qorusun”.

H.Babaoğlu qeyd edib ki, Paşinyan liderlik etdiyi küçə hərəkatını xalq demokratiyası kimi təqdim etməyə cəhd edərək özünü gülünc vəziyyətə salır: “Beynəlxalq ictimaiyyətin bu siyasi təlxəyin hədyanlarına dözməsinin isə səbəbi dünya siyasətindəki ikili standartlar və islamafob mərkəzlərin Ermənistana dəstəyi ilə bağlıdır. Ancaq kimin necə yanaşmasından və Qarabağ probleminin həllinə kimin necə baxmasından asılı olmayaraq Azərbaycan bu problemi özünün ərazi bütövlüyü çərçivəsində mütləq həll edəcək və o günü yaxınlaşdırmaq üçün bütün mümkün vasitələri, resursları səfərbər edir. Təkcə son günlərdə ölkəmizdə həyata keçirilən xüsusi əhəmiyyətli hadisələrə nəzər salsaq, ordumuzun uğurlu hərbi təlimlərinə, möhtəşəm hərbi parada, kosmos ölkəsi olaraq əldə etdiyimiz ən son uğurlara diqqət etsək görərik ki, işğalçı ölkənin baş nazirinin isterik bəyanatlar səsləndirməyə sövq edən səbəblərdən biri də elə Azərbaycanın bu uğurlarıdır”.