YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İslandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.

Səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Berqlind Asqeyrsdottirin ölkəmizdə mütəmadi olaraq müvafiq qurumların rəhbərləri ilə görüşəcəyinə və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq qurumlarda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Eyni zamanda, dövlətimizin başçısı ticarət və turizm sahələrində də əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayaraq, İslandiyanın və Azərbaycanın gözəl turizm məkanlarının olmasının bunun üçün yaxşı imkan yaratdığını dedi.

Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu bildirərək qeyd etdi ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Səfir paytaxtımızın arxitekturasının onda çox dərin təəssürat yaratdığını dedi. Diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini vurğulayaraq, bu qapıçının dünya çempionatında məşhurlaşdığını qeyd etdi və bildirdi ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.

Səfir Berqlind Asqeyrsdottir ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edərək müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi.