YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyır

“Cənub Qaz Dəhlizi” layihəsi Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev bu fikirləri dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini qeyd edən Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin qrafikə uyğun, uğurla həyata keçirildiyini və vaxtında tamamlanacağını bildirib.

“Bu il Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. İqtisadiyyatımızda neft amilini nəzərə almasaq, görərik ki, bu il qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən çox, aqrar sektorda isə 4 faizdən çox inkişafa nail olunub. Neftin qiymətinin aşağı düşməsinin ümumi daxili məhsulun həcminə mənfi təsir göstərməsinə baxmayaraq, qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edib”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, gələcəkdə Cənub Qaz Dəhlizinin işə düşməsi, “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, əlavə investisiya qoyuluşu, qlobal nəqliyyat layihələrinin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərinə nikbinliklə baxmaq üçün əsas verir.