YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında dostluq və əməkdaşlıq münasibətləri mövcuddur

“Biz Çində Kommunist partiyasının rəhbərliyi altında qazanılmış böyük inkişafın şahidləriyik. Təbii ki, bu inkişafda Çin Kommunist Partiyası və onun qurultaylarında qəbul edilmiş qərarlar çox böyük rol oynayıb. Çinin inkişafı çox cəhətdən bu qərarlar sayəsində mümkün olub”. Bu fikirlər Çinin “Sinxua” dövlət informasiya agentliyinin saytında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin komitə sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Siyavuş Novruzovla eksklüziv müsahibədə yer alıb.

S.Novruzov qeyd edib ki, son onilliklərdə Çin çox böyük inkişaf yolu keçib. Çin Kommunist Partiyasının qurultaylarının bütün qərarlarının uğurla həyata keçirilməsi nəticəsində bütün dünya Çin Xalq Respublikasının iqtisadi potensialının və beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasının şahidi olub.

Azərbaycanda hakim partiyanın icra katibinin müavini qeyd edib ki, Çinin inkişafı çox cəhətdən ölkənin ənənəvi dövlətçilik tarixi sayəsində müəyyən edilib və digər tərəfdən, iqtisadiyyat sahəsində baş verən yeniliklər, sosial problemlərin həlli, əhalinin həyat səviyyəsinin yüksəldilməsi bu inkişafda böyük rol oynayıb. Cəmiyyətin, elm və texnikanın müxtəlif sahələrinin, təhsilin, elmin və təbabətin hərtərəfli tərəqqisi təmin olunub.

S.Novruzov deyib: “Dünya iqtisadiyyatında Çinin mühüm rolu, onun artmaqda olan siyasi nüfuzu və əhalinin rifahının yüksəldilməsi sübut edir ki, Kommunist Partiyasının rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar və inkişaf strategiyası özünü doğruldur”. ÇKP cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi ölkənin ictimai həyatında çox böyük rol oynayır, Çinin hərtərəfli inkişafı istiqamətində möhtəşəm vəzifələri yerinə yetirir.

Azərbaycan parlamentinin üzvü Azərbaycan-Çin əlaqələri mövzusuna toxunaraq vurğulayıb ki, bu əlaqələr sülhün və sabitliyin qorunması, iki ölkənin iqtisadi tərəqqisinin təmin edilməsi məqsədlərinə xidmət edir və qarşılıqlı faydalı əməkdaşlıq, ərazi bütövlüyünə qarşılıqlı hörmət kimi fundamental prinsiplərə əsaslanır. Azərbaycan və Çin xalqları arasında dostluq münasibətlərinin dərin və çoxəsrlik tarixi kökləri var. 2017-ci ildə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi tamam olur. Azərbaycan Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyir.

Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə dostluq münasibətləri saxlayır. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Yeni Azərbaycan Partiyasının üzvləri Çin Kommunist Partiyasının qurultaylarında həmişə iştirak edir və orada baş verən prosesləri izləyirlər. Azərbaycan-Çin Parlamentlərarası işçi qrupu Azərbaycanda ən böyük parlamentlərarası qrupdur və onun 25 üzvü var.

S.Novruzovun sözlərinə görə, iki ölkə və onların parlamentləri arasında yaranmış səmimi dostluq münasibətləri Azərbaycanda yüksək qiymətləndirilir və bu münasibətlərin daha da inkişaf etidirlməsi üçün səy göstərilir. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə çoxsaylı səfərləri, Şanxayda Ümumdünya EKSPO sərgisində Azərbaycan pavilyonunun fəaliyyəti, iki ölkə arasında tələbə mübadiləsi, Azərbaycan iqtisadiyyatının inkişafında Çinin iştirakı, Çin ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin artması, ölkələrimiz arasında aviasiya əlaqəsi dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafına müsbət təsir göstərir”.

S.Novruzov vurğulayıb: “Deməliyəm ki, Çinin gələcək inkişaf perspektivləri çox böyükdür. Bu gün Çin dünyanın aparıcı dövlətlərindən biridir, biz də bu ölkə ilə daha çox yaxınlaşmaq üçün müəyyən addımlar atırıq”.