YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazirlər Kabinetində Azərbaycan-Ukrayna əlaqələri müzakirə edilib

Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq əlaqələrinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasi-zadə müasir dövrdə bu münasibətlərin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsində davam etdiyini bildirib. Ötən dövr ərzində əldə edilən müsbət nəticələrin gələcək inkişafımız üçün möhkəm əsaslar yaratdığını deyən Baş nazir iqtisadiyyatın bir çox sahələri üzrə, xüsusən, sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, investisiya, turizm, infrastruktur və digər istiqamətlərdə iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığına geniş imkanlar açıldığını diqqətə çatdırıb.

Beynəlxalq tədbirlərdə ölkələrimizin eyni mövqedən çıxış edərək bir-birinin haqq işini daim dəstəklədiyini məmnunluqla xatırladan Artur Rasi-zadə qonaqların diqqətini respublikamızın qarşısında duran ən ağır problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib və təcavüzkar Ermənistan rəhbərliyinin separatizmi dəstəkləyən işğalçılıq siyasətinin ümumən region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, bundan sonra da əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Regional müstəvidə mövcud problemlər barədə danışan Pavlo Klimkin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.