YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Li Şaosian: İpək yolu layihəsinin gerçəkləşməsində Azərbaycanın rolu danılmazdır

Sincan Beynəlxalq İqtisadi və Mədəni İnkişaf Mərkəzinin dəstəyi ilə iyulun 11-12-də Çinin Sincan-Uyğur muxtar rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində “Yeni imkanlar, yeni təkan – İpək Yolu İqtisadi Kəmərini birlikdə quraq” adlı İpək Yolu Tyan-şan Forumu keçirilib.

Forum çərçivəsində altı sessiyada Çinin və digər ölkələrin nümayəndələri tərəfindən “İpək Yolu İqtisadi Kəməri və Mərkəzi Asiya üçün inkişaf perspektivləri”, “İpək Yolu İqtisadi Kəməri və praktiki əməkdaşlıq” və “İpək Yolu İqtisadi Kəməri və mədəni mübadilə” mövzularında müzakirələr aparıb.

Forumun rəsmi açılış mərasimində Sincan Beynəlxalq iqtisadiyyat və mədəniyyət mərkəzinin prezidenti Vanq Vei forumun əhəmiyyətindən danışaraq bildirib ki, İpək Yolu Tyan-şan Forumunun artıq üçüncü ildir keçirilməsi tədbirin beynəlxalq fikir mübadiləsi üçün əvəzolunmaz platforma olduğunun göstəricisidir. Sonra Vanq Vei forumu açıq elan edib.

Çinin mədəniyyət mübadiləsi beynəlxalq mərkəzinin baş katibi Dinq Kuisong forumun işinə uğurlar arzu edib.

Bildirib ki, Çinin planlarına görə, İpək Yolu iqtisadi zonası Mərkəzi, Cənubi və Qərbi Asiyanın ərazisindən və digər regionların ərazisindən keçib, iki iri iqtisadi birliyi – Asiya-Sakit okean regionunu və Avropanı birləşdirəcək, 3 milyard əhalisi olan 68 ölkəni əhatə edəcək. İpək Yoluna bitişik olan ölkələrin iqtisadi qurumları bir-birini yaxşı tamamlayır, onların qarşılıqlı faydalı əməkdaşlıq etməsi üçün yaxşı zəmin var. Çox güman ki, əməkdaşlığın gizli potensialı üzə çıxsın, ikitərəfli, çoxtərəfli və qarşılıqlı fayda əldə olunsun.

Daha sonra forum sessiyalarda davam edib.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Ravil İsgəndərov, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Günel Məmmədova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nümayəndəsi Pərvanə Rəhimova məruzə ilə çıxış ediblər.

Çıxışlar forum iştirakçıları tərəfindən xüsusi dəstəklənib və bəyənilib. Bunu nəticələr barədə hesabatda forumun bağlanış mərasimində çıxış etmiş Çinin Mərkəzi Asiya üzrə Araşdırmalar Assosiasiyasının vitse-prezidenti Li Şaosian bildirərək deyib ki, İpək Yolu “Bir kəmər – bir yol” layihəsinə dair Azərbaycanla Çinin fikirləri üst-üstə düşür: “Hər iki ölkə layihəni dəstəkləyir və mövcud infrastrukturu inkişaf etdirir ki, layihə tezliklə reallaşsın. Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi məruzələrdən də görünür ki, ölkəniz İpək Yolu layihəsinə qatılmağa hazırdır. Bu layihənin gerçəkləşməsində Azərbaycanın rolu danılmazdır”.

Forum çərçivəsində qeyd olunub ki, İpək Yolu iqtisadi zonasının yaratdığı yeni imkanlar bir çox ölkələrin nümayəndələrinin marağına səbəb olmuşdur. Hamı tərəfindən qəbul edilmiş nöqteyi-nəzərlərdən biri bundan ibarətdir ki, İpək Yoluna bitişik ölkələrdə nəqliyyat, elektroenergetika, maliyyə, ticarət, elm, texnika və kadrlar sahələrində əməkdaşlıq etmək üçün qarşıdan gələn 10 ildə geniş məkan var.

Azərbaycan, Fransa, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Türkiyə, İran və bir sıra digər xarici ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi ikigünlük Üçüncü İpək Yolu Tyan-şan Forumu işini yekunlaşdırıb.

DİGƏR Xəbərlər Arxiv